Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında Rusiyanın bugünkü hücumlar zamanı Ukraynaya qarşı 70-ə yaxın raket buraxdığı, raketlərin 60-dan çoxunun hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirildiyi deyilir
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında Rusiya tərəfindən həyata keçirilən raket hücumları zamanı Qara dəniz donanması və aviasiyanın Ukrayna istiqamətində 70-ə yaxın raket buraxdığı, raketlərin 60-dan çoxunun hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirildiyi deyilir.
Hərbi Hava Qüvvələri tərəfindən yayılan məlumatda Xəzər dənizi və Volqodonsk rayonlarından havaya qalxan təyyarənin 38 qanadlı raket buraxdığı, Qara dəniz donanmasının “Kalibr” tipli 22 ədəd qanadlı raket, Qara dəniz rayonundan daha on qanadlı raket buraxıldığı bildirilir.
Ukraynanın baş naziri Denis Şmiqal ümumilikdə raket hücumları nəticəsində Ukraynanın enerji sisteminin bütövlüyünün pozulmadığını, ancaq Kiyev, Vinnitsa və Odessa vilayətlərində, müəyyən nöqtələrdə dağıntılar qeydə alındığını bildirib. Bu səbəbdən, bəzi bölgələrdə sistemi tarazlaşdırmaq üçün qəzalı söndürülmədən istifadə edilib.
Ukrayna prezidenti Volodimir Zelenski də baş verənlərə münasibət bildirib.
“Hava Hücumundan Müdafiə Qüvvələrinə, energetiklərimizə və xalqımıza təşəkkür etmək istəyirəm. Hava hücumundan müdafiə sistemləri raketlərin əksəriyyətini neytrallaşdırdı. Energetiklər elektrik enerjisinin bərpasına artıq başlayıblar. Xalqımız heç vaxt təslim olmayacaq”- deyə Zelenski açıqlayıb.