Ukrayna hakimiyyəti dövlət məmurlarının xaricə səfərini məhdudlaşdırıb
Ukrayna hakimiyyəti dövlət məmurlarının xaricə səfərini məhdudlaşdırıb. Onlar ölkəni yalnız ezamiyyətə görə tərk edə biləcəklər. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik video müraciətində danışıb. O, artıq müvafiq sərəncamı imzaladığını bildirib.
“Vəzifəli şəxslərin xaricə getməsi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının prinsipial qərarı var. Bu, mərkəzi hökumətin, yerli hakimiyyətin müxtəlif səviyyəli bütün məmurlarına aiddir. Bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, xalq deputatlarına, prokurorlara və dövlət üçün və dövlətdə işləməli olan hər kəsə aiddir. Onlar indi dincəlmək istəyirlər – dövlət xidmətindən kənarda dincələcəklər. Vəzifəli şəxslər bundan sonra tətil və ya digər qeyri-dövlət məqsədləri üçün xaricə səfər edə bilməyəcəklər”- deyə Zelenski açıqlayıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən, Nazirlər Kabinetinin üzvləri, onların müavinləri, icraçı hakimiyyətin mərkəzi orqanlarının rəhbərləri və onların müavinləri ; Prezident Ofisinin rəhbərləri və onların müavinləri; Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri və onun müavinləri, televiziya və radio yayımı məsələləri ilə məşğul olan Milli Şuranın sədri və üzvləri; Audit Palatasının və Mərkəzi Seçki Komissiyasının, eləcə də Milli Bankın rəhbərləri, yerli dövlət administrasiyalarının rəhbərləri və onların müavinləri, hakimlər, prokurorlar, deputatlar və digər dövlət məmurlarının hərbi əməliyyatlar zamanı işgüzar olmayan məqsədlərlə ölkədən çıxması qadağan ediləcək.