Ukrayna Qətərlə müdafiə müqaviləsi imzalayıb
Ukrayna Qətərlə müdafiə müqaviləsi imzalayıb

Ukrayna Səudiyyə Ərəbistanı ilə imzalanmış müqaviləyə bənzər şəkildə Qətərlə yeni müdafiə müqaviləsi imzalayıb. Bu barədə “CNN” məlumat yayır.

Qətər Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, iki ölkə arasında “müqavilə texnoloji sahələrdə əməkdaşlıq, birgə layihələrin inkişafı, müdafiə investisiyaları, raketlər və pilotsuz uçuş sistemləri ilə mübarizədə təcrübə mübadiləsini əhatə edir”.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Dohada Qətərin dövlət əmiri Şeyx Təmim bin Həməd Əl-Tani və Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə görüşdüyünü bildirdi.

“Hər iki ölkədə həyatın qorunmasını daha da gücləndirə biləcək məsələləri müzakirə etdik və müdafiə sektorunda ən azı 10 il ərzində qarşılıqlı fayda gətirən tərəfdaşlıq barədə razılığa gəldik”, – Volodimir Zelenski sosial şəbəkədə yazıb.

Ukrayna Prezidenti son bir neçə gün ərzində həmçinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Orada o, ölkələrlə İran dizaynı əsasında hazırlanmış, Rusiya istehsalı olan “Şahed” tipli dronların zərərsizləşdirilməsi ilə bağlı Ukraynanın Rusiya ilə dörd illik müharibə şəraitində topladığı təcrübəni bölüşüb.

Medianın məlumatına görə, uzun müddətdir Ukraynaya hücumlarda istifadə edilən bu cür dronlar hazırda İran tərəfindən Fars körfəzi bölgəsindəki qonşu ölkələrə qarşı da istifadə olunur.