Ukrayna dronları “Wildberries”in daha bir anbarına hücum edib
Ukrayna dronları “Wildberries”in daha bir anbarına hücum edib, bu dəfə Samara vilayətində. Bu barədə məlumatı “BBC” yayır.
Medianın məlumatına görə, Ukrayna pilotsuz uçuş aparatları Samara vilayətinin Novosemeykino qəsəbəsində yerləşən “Wildberries” şirkətinin böyük anbarına zərbə endirib və nəticədə hadisə yerində yanğın baş verib.
“Wildberries” və Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev hücum və yanğın faktını təsdiqləyiblər.
Bu, artıq iyulun ortalarından bəri Ukrayna dronlarının hücumuna məruz qalan “Wildberries”in doqquzuncu anbarıdır.
Bununla yanaşı, Ukrayna dronlarının Saratovda həyata keçirdiyi hücumu barədə də məlumatlar yayılır. Vilayət qubernatoru Roman Busarginin bildirdiyinə görə, hücum və onun qarşısının alınması zamanı iki nəfər həlak olub. Busargin onların konkret olaraq harada həlak olduqlarını dəqiqləşdirməyib. Medianın məlumatına görə, hücumun əsas hədəfi yenə də Saratov neft emalı zavodu olub və orada bir neçə yerdə güclü yanğın baş verib.