Ukrayna Avropa İttifaqının 20-ci sanksiyalar paketi ilə sinxronizasiya çərçivəsində əlavə olaraq Rusiyanın 16 vətəndaşı və 31 şirkətinə sanksiya tətbiq edib
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Avropa İttifaqının sanksiyaları ilə sinxronizasiya barədə qərarını qüvvəyə mindirən iki fərman imzalayıb.
Ukrayna Prezident Ofisinin məlumatına görə, Avropa İttifaqının 20-ci sanksiyalar paketi ilə uyğunlaşdırılmış məhdudiyyətlər 120 fiziki və hüquqi şəxsi əhatə edir. Onların bir hissəsi artıq Ukraynanın sanksiya siyahısında olub, yeni qərarla isə məhdudiyyətlər əlavə olaraq Rusiyanın 16 vətəndaşına və 31 şirkətinə şamil edilib.
Sözügedən şirkətlər Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində qeydiyyatdan keçib.
Fiziki şəxslər arasında Rusiyanın strateji müəssisələrinin, dövlət qurumlarının və hərbi hissələrinin rəhbərləri, həmçinin Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın maraqlarına xidmət edən şəxslər var. Sanksiya siyahısına həmçinin Rusiyanın hərbi-sənaye kompleksi müəssisələri, radioelektron mübarizə sistemləri, proqram təminatı və dron komponentləri istehsalçıları, eləcə də neft, qaz və qızıl hasilatı ilə məşğul olan şirkətlər daxil edilib.
Xüsusilə, dron komponentləri istehsal edən Rusiyanın “Atlant Aero” şirkətinə, həmçinin pilotsuz uçuş aparatları və raket komponentlərinin istehsalı ilə məşğul olan “IRZ-Svyaz” şirkətinə sanksiyalar tətbiq edilib.