Ukrayna Almaniyadan yeni "IRIS-T" tipli hava hücumundan müdafiə sistemi alıb
Ukrayna Almaniyadan yeni "IRIS-T" tipli hava hücumundan müdafiə sistemi alıb

Ukrayna Almaniyadan yeni “IRIS-T” tipli hava hücumundan müdafiə sistemi alıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib və əlavə döyüş sursatlarının tədarükünü tələb edib.

Zelenskinin sözlərinə görə, yeni sistemlər Ukraynaya mayın 30-da çatdırılıb.

“Bizə həmçinin Rusiya hücumlarını dəf etmək üçün kifayət qədər imkanımızın olması məqsədilə hava hücumundan müdafiə sistemləri üçün raketlər lazımdır”, – Ukrayna prezidenti qeyd edir.

Məlumat üçün bildirək ki, “IRIS-T SLM” (orta mənzilli) və “SLS” (qısa mənzilli) sistemləri Avropanın ən müasir yerüstü hava hücumundan müdafiə sistemlərindən biri hesab olunur. Ukrayna ondan kritik infrastrukturu qorumaq üçün istifadə edir. Sistem təxminən 40 kilometr radiusda fəaliyyət göstərir və 360 dərəcəlik əhatə dairəsinə malikdir.