Türkiyədə, İstanbulda törədilən terror aktı zamanı partlayıcı vasitə olaraq trotildən istifadə olunduğunu bildirirlər

14:38, 14.11.2022

 

Türkiyənin daxili işlər naziri İstanbulda törədilən terror aktı zamanı partlayıcı vasitə olaraq trotildən istifadə edildiyinin müəyyən olunduğunu açıqlayıb. Bu barədə jurnalistlərə açıqlamasında Süleyman Soylu bildirib.

Soylu bildirib ki, terror aktını törədən qadın dindirilmə zamanı Türkiyəyə Kürd Fəhlə Partiyası və suriyalı kürdlərin Xalq Müdafiə Birliklərinin üzvləri tərəfindən göndərildiyini etiraf edib.

Nazir qadının Suriyanın Afrin şəhərindən qanunsuz yolla Türkiyəyə gəldiyini qeyd edib.

Türkiyənin daxili işlər naziri hüquq-mühafizə orqanlarının əməkdaşlarının terror aktının törədilməsi ilə bağlı 46 şübhəlini saxladıqlarını bildirib.

“Onların arasında terror aktını törədəni məhv etmək tapşırılan terrorçu da var idi. Onu həbs etməsəydik, bu gün Yunanıstana qaçacaqdı” – deyə Soylu bildirib.

Bundan əlavə, Türkiyənin daxili işlər naziri İstanbulda baş verən terror aktı ilə bağlı ABŞ səfirliyinin yaydığı bəyanata münasibət bildirib.

“ABŞ səfirliyinin İstanbuldakı terror aktı ilə bağlı başsağlığını qəbul etmirik və rədd edirik”-deyə Soylu bildirib.

İstanbulda terror aktı noyabrın 13-də baş verib. Nəticədə 8 nəfər həlak olub, 81 vətəndaş yaralanıb.

Oxşar