Türkiyədə iki dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 2920-ni keçib, 15800-dən çox insan xəsarət alıb
Türkiyənin cənub hissəsində baş verən iki dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 2920-ni keçib, 15800-dən çox insan xəsarət alıb. Təbii fəlakət nəticəsində ölən və yaralananlarla bağlı yenilənmiş məlumatları Türkiyə Fövqəladə Hallar Agentliyinə istinadən türk mətbuatı yayır.
Fevralın 6-da səhər saatlarında Kahramanmaraş şəhəri yaxınlığında 7,7 bal gücündə zəlzələ qeydə alınıb. Türkiyənin Qaziantep, Diyarbakır, Adana, Şanlıurfa, Hatay, Malatya və Kilis də daxil olmaqla onadək vilayətində yeraltı təkanlar olub. Daha sonra yerli vaxtla saat 13:24-də 7,6 bal gücündə zəlzələ qeydə alınıb.
Türkiyənin vitse-prezidenti Fuat Oktay ölkədə 243 təkrar təkan qeydə alındığını, bəzilərinin 7 balı aşdığını açıqlayıb. Təbii fəlakət 6200-dən çox binanı məhv edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin 1939-cu ildə Ərzincan zəlzələsindən sonra ən böyük fəlakətlə sarsıldığını bildirib.