Türkiyə mediası – Qara dənizdə gəmilərə edilən hücumlarla bağlı Ukrayna səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

12:23, 30.08.2026

Ukrayna səfiri, Qara dənizdə Türkiyəyə məxsus iki gəmiyə edilən hücumlardan sonra Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Türkiyə mediası ölkənin Xarici İşlər Nazirliyindəki öz mənbələrinə istinadən məlumat yayır.

Görüş zamanı Türkiyənin rəsmi şəxsləri Qara dənizdə insan həyatı, əmlak, gəmiçilik və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar və Ukrayna tərəfinə “vacib xəbərdarlıq” çatdırıblar.

Nəşrin məlumatına görə, “Lider Bordo Mavi” gəmisi avqustun 26-da Qara dənizdə, Rusiyanın liman şəhəri Tuapse yaxınlığında hücuma məruz qalıb. Ertəsi gün isə birinci gəmini yedəyə almaq (buksir etmək) üçün göndərilən “Lider Kocatepe” gəmisi də hücumun hədəfi olub.

Bundan əvvəl, avqustun 4-də Türkiyə Rusiya və Ukraynanı Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə çağırıb. Ankara bu bəyanatı Rusiyanın Novorossiysk limanı yaxınlığında dronla həyata keçirilən hücum nəticəsində Türkiyəyə məxsus gəminin zədələnməsi və heyətin üç üzvünün ağır yaralanmasından sonra verib.

Bir neçə gün sonra mediada Türkiyənin Qara dənizdə bəzi kommersiya gəmilərinin hərəkətini məhdudlaşdırdığı barədə məlumat yayıldı, çünki Ankara bölgədə Rusiya və Ukrayna tərəfindən gəmilərə edilən hücumlardan narahatdır.

Oxşar