Turində sosial mərkəzin bağlanmasına qarşı keçirilən aksiyada aksiya iştirakçıları və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib, 100-dən çox polis əməkdaşı xəsarət alıb
Turində sosial mərkəzin bağlanması və mərkəzdən çıxarılmaya qarşı aksiya nümayişçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurmaya çevrilib.
İtaliya mediasının məlumatına görə, Turində Fələstin tərəfdarı etirazçılar və sayının 600 ilə 700 arasında olduğu təxmin edilən zorakı qrup da daxil olmaqla təxminən 20.000 nümayişçi toplaşıb.
Minlərlə polisin yerləşdirilməsinə baxmayaraq, aksiya iştirakçıları polisə məxsus bir yük maşınını yandırıblar, digərini isə zədələyiblər. Nümayişçilər polisə daş, müxtəlif əşyalar və fişəng atıblar. Medianın məlumatına görə, polis gözyaşardıcı qaz və təzyiqli su ilə cavab verib, lakin ən aqressiv etirazçıları zərərsizləşdirmək üçün təxminən iki saat vaxt lazım olub. İtaliya mediası 100-dən çox hüquq-mühafizə orqanı əməkdaşının yaralandığını yazır. Mediyanın məlumatına görə, onlardan birini on iki maskalı etirazçı mühasirəyə alıb. İtaliya mediasının məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşına fiziki zorakılıq göstərilib və ona çəkiclə vurublar.
İtaliyanın Baş naziri Corcia Meloni daha sonra xəsarət alan polisləri Turin şəhərindəki xəstəxanada ziyarət edib.
“İndi açıq deyəcəyəm. Bunlar etirazçılar deyil, mütəşəkkil cinayətkarlardır. Kimisə çəkiclə vuranda nəticələrinin çox, çox ciddi ola biləcəyini bilərək bunu edirsiniz. Bu, etiraz deyil, bu toqquşma deyil. Buna qəsdən adam öldürmə cəhdi deyilir”, – deyə İtaliyanın Baş naziri bildirib.