Tsalka bələdiyyəsində 4.4 km-lik yolun reabilitasiyasına başlanılıb
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin sifarişi ilə Tsalka bələdiyyəsində daxili dövlət əhəmiyyətli İmera–Bareto–Tecisi–Çivtkilisa–Xaçkoy–Qumbati–Avranlo avtomobil yolunun 4.4 km-lik hissəsinin reabilitasiyasına başlanılıb.
Avtomobil Yolları Departamenti məlumat yayır.
“Reabilitasiya olunan hissə (km 7 – km 11) həm yaşayış, həm də qeyri-yaşayış ərazisindən keçir. Mövcud yol torpaq örtüklüdür, bu isə avtonəqliyyatın hərəkətini çətinləşdirir.
Layihənin icrası nəticəsində qeyd olunan hissədə hərəkət şəraiti və yol təhlükəsizliyi əhəmiyyətli dərəcədə yaxşılaşacaq, səyahət müddəti və gediş-gəlişlə bağlı xərclər azalacaq.
Layihə çərçivəsində iki zolaqlı yolun hərəkət hissəsi, yol çiyinləri, dəmir-beton küvetlər və arxlar, suötürücü borular və gabion divar inşa ediləcək. Həmçinin müvafiq yol nişanları quraşdırılacaq və yolun hərəkət hissəsi nişanlanacaqdır.
Layihə dövlət büdcəsindən 4,6 milyon lari ilə maliyyələşdirilir. İşlərin 2027-ci ildə başa çatdırılması planlaşdırılır”, – Avtomobil Yolları Departamentinin məlumatında deyilib.