Tramp administrasiyası “Əl-Nusra Cəbhəsi”ni, onun əsasında yaradılan “Həyat Tahrir əl-Şam”ı terror təşkilatları siyahısından çıxarıb
Tramp administrasiyası “Əl-Nusra Cəbhəsi”ni, onun əsasında yaradılan “Həyat Tahrir əl-Şam”ı terror təşkilatları siyahısından çıxarıb. Bu barədə “Reuters” agentliyi Dövlət Departamentinin sənədinə istinadən məlumat yayır.
Media vasitəsinin məlumatına görə, dövlət katibi Marko Rubio tərəfindən imzalanan sənəd iyunun 23-nə aiddir və onun rəsmi dərc olunması çərşənbə axşamı günü planlaşdırılır.
“Baş prokuror və maliyyə katibi ilə məsləhətləşmələrdən sonra, “Əl-Nusra Cəbhəsi”, həmçinin “Həyat Tahrir əl-Şam” və digər adlarla tanınan təşkilatı xarici terror təşkilatı kimi tanımaqdan imtina edirəm”, – Rubionun bəyanatında deyilib.
Qeyd olunan qərardan əvvəl Donald Trampın ötən həftə ABŞ-ın Suriyaya qarşı sanksiyalarını ləğv edən fərmanı verilmişdi.
Əhməd əl-Şaraa 2003-cü ildə İraqda Amerika hərbi müdaxiləsindən sonra terror təşkilatı “Əl-Qaidə”nin sıralarında döyüşüb. 2006-cı ildə o, həbs edilib və 2011-ci ildə sübutların azlığı səbəbindən azad olunub. “Əl-Nusra Cəbhəsi”, Suriyanın hazırkı prezidenti Əhməd əl-Şaraa tərəfindən yaradılıb və Suriyada “Əl-Qaidə”nin qolu hesab olunurdu. 2016-cı ildə “Əl-Nusra Cəbhəsi” “Əl-Qaidə” ilə əlaqənin kəsildiyini elan etdi. Tezliklə onun əsasında “Həyat Tahrir əl-Şam” təşkilatı yaradıldı və ötən ilin sonunda Bəşər Əsəd rejiminin devrilməsində həlledici rol oynadı.
Əl-Şara və Donald Tramp arasında may ayında Ər-Riyadda görüş keçirilib və bundan sonra Tramp Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini bəyan edib.