“Times” – ABŞ Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya yaşıl işıq yandırıb
Britaniyanın “Times” nəşri ABŞ-ın Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya yaşıl işıq yandırdığı barədə məlumat yayır. Nəşr bu barədə məlumatı Pentaqondakı öz mənbəsinə istinadən yayır.
Məqalədə qeyd edilir ki, Rusiyanın Ukraynada vacib infrastruktur obyektlərinə kütləvi raket zərbələri endirməsindən sonra Kiyevin Rusiya ərazisi daxilindəki hücumlarının münaqişəni gərginləşdirə biləcəyi ilə bağlı ABŞ-da narahatlıq azalıb. Bu səbəbdən Ukraynanın, Silahlı Qüvvələrə verilən silahlardan necə istifadə edəcəyinə qərar vermək hüququ var.
“Biz ukraynalılara demirik ki, rusları vurmayın. Biz onlara nə edəcəyini diktə edə bilmərik. Onlar öz silahlarından necə istifadə edəcəklərinə qərar verirlər. Bizim təkid etdiyimiz tək şey ukraynalıların onlara verdiyimiz silahlardan istifadə edərkən beynəlxalq qanunlara və Cenevrə konvensiyalarına əməl etmələridir” – deyə ABŞ Müdafiə Nazirliyindən “Times”a açıqlayıblar.
Xatırladaq ki, dekabrın 5-də Rusiya Müdafiə Nazirliyi Saratov və Ryazan aerodromlarının PUA-ların hücumuna məruz qaldığını, nəticədə 3 hərbçinin həlak olduğunu açıqlamışdı. Hücuma görə Ukrayna günahlandırılır.
Ukrayna insidentlə əlaqəsini rəsmən təsdiqləmir.