“The Washington Post” – Pentaqon ABŞ-ın müdafiə sənayesinə müraciət edərək, İranla müharibə səbəbindən qıtlığı kritik həddə çatan döyüş sursatlarının istehsalını və tədarükünü artırmağa çağırıb
Pentaqon ABŞ-ın müdafiə sənayesinə müraciət edərək, İranla müharibə səbəbindən qıtlığı kritik həddə yaxınlaşan silahların, xüsusilə də döyüş sursatlarının istehsalını və tədarükünü təcili olaraq artırmağa çağırıb, – bu barədə “The Washington Post” qəzeti Pentaqonun məktubuna istinadən yazır.
Nəşrin məlumatına görə, müdafiə nazirinin müavini Stiv Faynberq müdafiə sənayesi rəhbərlərinə məktub yazaraq, “kritik əhəmiyyətli vasitələrin tədarükünün sürətləndirilməsi və istehsalın artırılması ilə bağlı” planları təqdim etmək üçün onların ən çoxu 21 gün vaxtının olduğunu qeyd edib.
Nəşrin məlumatına görə, bu təlimat Prezident Donald Tramp və Müdafiə Nazirliyi arasında gərginliyə səbəb olan silah qıtlığı fonunda dərc edilib.
“The Washington Post” yazır ki, son aylarda Pentaqon Amerikanın ən böyük müdafiə şirkətləri və yeni startapları ilə bir neçə “çərçivə sazişi” imzalayıb. Məqsəd həm ucuz döyüş sursatının, həm də müasir hava hücumundan müdafiə sistemlərinin istehsalını artırmaqdır. Bu sazişlər məcburi xarakter daşımır və yalnız hökumətin niyyətini nümayiş etdirir – onların tam qüvvəyə minməsi üçün Konqresin maliyyələşdirməsi lazımdır.
Pentaqonun sözçüsü Şon Parnell bəyan edib ki, sahənin liderləri ilə əməkdaşlıq yeni bir şey deyil və bu, prezident ilə nazirin lap başdan bəri mövcud olan planıdır. Onun sözlərinə görə, Faynberqin məktubu həqiqidir və 2028-ci ilin büdcəsində nəzərə alınacaq.