“The Wall Street Journal” – Tramp qələbəsini elan etmək istəyir, amma İran sərt şərtlər irəli sürüb, Hörmüz boğazı açılarsa, Tramp atəşkəsi qeyri-müəyyən müddətə uzada bilər
Tramp qələbəsini elan etmək istəyir, amma İran sərt şərtlər irəli sürüb, – bu barədə “The Wall Street Journal” məqalə dərc edir.
ABŞ-ın rəsmi şəxslərə istinadən yazdığına görə, Donald Tramp yaxın köməkçilərinə nüvə sazişi məsələsində güzəştə getməyə hazır olduğunu bildirib. Mənbənin məlumatına görə, İran Hörmüz boğazında azad gəmiçiliyin təmin edilməsi üçün ən sərt şərtlər tələb etdikdə bu məqsədə nail olmaq daha da çətinləşib. Ağ Evin nümayəndəsi qeyd edib ki, ABŞ İranla bağlı bütün hərbi məqsədlərinə nail olub və Prezident hazırda diqqətini Hörmüz boğazının açılmasına yönəldib.
“Rəsmi şəxslər qeyd ediblər ki, əgər ABŞ nüvə proqramını nəzarət altında saxlaya bilsə və boğazda daşımalar bərpa olunsa, Tramp, ehtimal ki, hazırkı atəşkəsi qeyri-müəyyən müddətə uzadacaq”, – “The Wall Street Journal” yazır.
Məlumat üçün bildirək ki, Tehran Vaşinqtona müharibəyə son qoymaq üçün tələblər siyahısı təqdim edib. Tehranın tələblərini İranın Milli Təhlükəsizlik rəhbəri Məhəmməd Bağır Zülqədr yaydı. Tehranın tələbləri altı bəndi əhatə edir. Bunlar: “İranı heç vaxt təhdid etməyin və bu millətin müqəddəs dəyərlərini təhqir etməyin; İrana və İranın Livandakı, Fələstindəki, Yəməndəki və İraqdakı müttəfiqlərinə qarşı müharibə və təcavüzə həmişəlik son qoyun; dəniz blokadasını ləğv edin və hərbi qüvvələrinizi geri çəkin; İrana iki təcavüzkar müharibə nəticəsində dəymiş ziyanı heç bir əskiklik olmadan kompensasiya edin; İran xalqına qarşı tətbiq edilən qəddar və qanunsuz sanksiyaları aradan qaldırın; İran xalqının dondurulmuş və oğurlanmış aktivlərini qeyd-şərtsiz sərbəst buraxın” cümlələrindən ibarətdir”.