"The Wall Street Journal" - Prezident Trampın ailəsinin daşınmaz əmlak şirkəti Tbilisidə 70 mərtəbəli göydələn, "Tramp Qülləsi Tbilisi" inşa etməyi planlaşdırır
ABŞ Prezidenti Donald Trampın ailəsinin daşınmaz əmlak şirkəti tərəfdaşları ilə birlikdə Tbilisidə yeni göydələn inşa edəcək.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, Trampın təşkilatı yerli tərəfdaşlarla birlikdə Gürcüstanın paytaxtı Tbilisidə 70 mərtəbəli lüks yaşayış kompleksi – Trump Tower Tbilisi inşa etməyi planlaşdırır.
“Qafqazda Tramp brendi ilə yeni bir göydələnin inşası planlaşdırılır ki, bu da Tramp ailəsinin şirkətinin onun ikinci prezidentlik dövründə xarici biznesə yanaşmasının necə dəyişdiyini göstərən daha bir nümunədir“, – nəşr yazır.
“The Wall Street Journal”ın məqaləsində yazılır ki, tikinti başa çatdıqdan sonra bu, Tbilisidə ən hündür bina olacaq.
Məlum olduğu kimi, Nyu-Yorkda yerləşən və Trampın keçmiş tərəfdaşı olan Sapir Organization da layihədə iştirak edir.
Məqalədə həmçinin deyilib ki, Trampın illər əvvəl Gürcüstanda da göydələn tikmək istəyi olub, lakin digər ölkələrdə planlaşdırılan bir çox layihələr kimi, “maraqların potensial toqquşması yarana biləcəyi səbəbindən bundan imtina edib”.
“The Wall Street Journal” qəzeti məqalədə Gürcüstanı münasibətləri balanslaşdırmağa və əlverişli şərait yaratmaqla kapital cəlb etməyə çalışan ölkə kimi təsvir edir.
“Gürcüstan özü geosiyasi cəhətdən həssas mövqe tutur, Qərblə münasibətləri balanslaşdırır və eyni zamanda Rusiya ilə gərginliyin öhdəsindən gəlir. Son illərdə o, həmçinin biznes üçün əlverişli siyasət, nisbətən aşağı vergilər və turizmin artan sektorunun təşviqi vasitəsilə xarici kapital cəlb etməyə çalışır”, – “The Wall Street Journal” yazır.
Bununla yanaşı, nəşrin məlumatına görə, layihənin həyata keçirilməsində Gürcüstanın Archi Group və Biograpi Living şirkətləri də iştirak edəcək.