“The New York Times” - Donald Tramp gələn həftə Vladimir Putinlə görüşəcək, bundan sonra isə Putin və Zelenski ilə birgə görüş keçirməyi planlaşdırır
ABŞ prezidenti Donald Tramp gələn həftə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Bu barədə “The New York Times” anonim mənbələrə istinadən yazır.
Media vasitəsi yazır ki, Vladimir Putinlə görüşdən sonra Donald Tramp Rusiya prezidenti Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə görüş keçirməyi planlaşdırır.
Görüşdə Avropalı liderlər iştirak etməyəcək.
“New York Times”la söhbətində anonim mənbənin bildirdiyinə görə, ABŞ prezidenti bu plan barədə artıq telefon danışığı zamanı Zelenskiyə və Avropa liderlərinə məlumat verib.
“The New York Times”ın məlumatına görə, Putin və Zelenskinin Trampın planına razılıq verib-vermədiyi hələ bəlli deyil.
Volodimir Zelenski ilə Donald Tramp arasında telefon danışığı, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkofun Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra baş tutub. Söhbətdə Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniyanın kansleri Fridrix Merts, NATO-nun baş katibi Mark Rutte, həmçinin vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Uitkof iştirak edirdi.