Telavidə Ətraf Mühitə Nəzarət Departamentinin yeni binasının açılışı olub
Telavidə Ətraf Mühitə Nəzarət Departamentinin yeni binasının açılışı olub

Telavidə Ətraf Mühitə Nəzarət Departamentinin Kaxeti Regional İdarəsinin yeni binasının açılışı olub. Bu barədə Ətraf mühitin mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, Ətraf mühitin mühafizəsi və Kənd Təsərrüfatı naziri Davit Sonğulaşvili yeni binaya baxış keçirib və iş şəraitləri ilə tanış olub.

“Müasir standartlara cavab verən bütün zəruri inventar və avadanlıqlarla təchiz edilmiş ofisdə Ətraf mühitin mühafizəsi patrulu və operativ reaksiya, həmçinin, yoxlama bölmələri bir yerdə yerləşdiriləcək. Kaxeti regional bölməsində 65 nəfər əməkdaş işlə təmin olunub.

Nazir rayon şöbəsinin əməkdaşları ilə keçirilən görüşdə Ətraf mühitin dövlət nəzarətinin səmərəli həyata keçirilməsi üçün idarənin imkanlarının maksimum dərəcədə artırılmasının vacibliyini vurğulayıb. Nazirin qeyd etdiyi kimi, işçilərin lazımi iş şəraitinin olması, bütün lazımi avadanlıq və texnologiya ilə təmin olunması vacibdir. Departamentin gücləndirilməsi prosesi daimi olaraq davam edir.

Ətraf Mühitə Nəzarət Departamentinin Kaxeti Regional İdarəsinin yeni ofisində nazirlə birlikdə Kaxeti bölgəsində dövlət nümayəndəsi Qiorqi Aladaşvili də iştirak edirdi”, – nazirliyin məlumatında qeyd olunub.