Texasda daşqın nəticəsində həlak olanların sayı 24-ə yüksəlib, 25 uşaq itkin düşmüş hesab edilir
Texasda daşqın nəticəsində həlak olanların sayı 24-ə yüksəlib, 25 uşaq itkin düşmüş hesab edilir. Bu barədə Texas ştatının yerli hakimiyyəti məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp Texasda baş verənləri “şokedici” və “dəhşətli” hadisələr adlandırıb.
Texas ştatının qubernatoru Qreq Ebotun dediyinə görə, federal hakimiyyət ştata təbii fəlakətin nəticələri ilə mübarizədə yardım etməyə hazır olduğunu bildirib.
Onun bildirdiyinə görə, daşqın nəticəsində itkin düşənlərin axtarış əməliyyatı davam edir. Əməliyyata 5 helikopter, həmçinin yolsuzluq avtomobilləri və xilasedicilər cəlb olunub. Fövqəladə xidmətlərin nümayəndələri fəlakət zonasından 200-dən çox insanı təxliyə edə biliblər.
Daşqın nəticəsində avtomobil yolları su altında qalıb, körpülər zədələnib, külək ağacları aşıb.
Təbii fəlakət səbəbindən ştatda telekommunikasiya xətləri zədələnib, bu da bir çox insanla əlaqə yaratmağı çətinləşdirir. Texas ştatının bir neçə bölgəsi təbii fəlakət zonası elan edilib.