Təhsil Nazirliyi məktəb pencəyinin qiymətini 45 lari, şalvar və ətəyin qiymətini isə 25 lari olaraq müəyyən edib
Gürcüstanın Elm, Təhsil və Gənclər Nazirliyi dövlət məktəblərinin ibtidai sinif şagirdləri üçün məktəb formasının qiymətini müəyyən edib.
Nazirliyin məlumatına görə, məktəb pencəyinin qiyməti 45 lari, məktəb şalvarı və məktəb ətəyinin qiyməti isə 25 lari olaraq müəyyən edilib.
2026-2027-ci tədris ilindən etibarən ibtidai sinif şagirdləri üçün məktəb forması geyinmək məcburi olur. Dövlət məktəblərinin ibtidai sinif şagirdləri üçün məktəb formalarını Təhsil Nazirliyi “Glory Textile Industries” MMC-dən satın alacaq. Şirkətlə imzalanmış müqavilə 1 801 000 ədəd məktəb formasının tikilməsini nəzərdə tutur. Təhsil naziri Qivi Mikanadzenin bildirdiyinə görə, nazirliyin gözləntisi odur ki, sentyabrın 15-də bütün birinci sinif şagirdləri məktəb forması ilə təmin olunacaq, birinci semestr ərzində isə mərhələli şəkildə ikinci-altıncı sinif şagirdləri üçün də formalar təqdim ediləcək.