Tea Axvlediani işğal altındakı Abxaziyadan cənazəsi gətirilmiş itkin düşmüş şəxslərin mülki yas mərasimində iştirak edib
Tea Axvlediani işğal altındakı Abxaziyadan cənazəsi gətirilmiş itkin düşmüş şəxslərin mülki yas mərasimində iştirak edib

 
Dövlət naziri Tea Axvlediani baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, Nazirlər Kabinetinin və parlamentin üzvləri ilə birlikdə işğal altındakı Abxaziyanın bölgəsindən cənazəsi gətirilmiş, 1990-cı illərin silahlı əməliyyatları zamanı itkin düşən şəxslərin mülki yas mərasimində iştirak edib.

Dövlət Naziri Aparatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin birgə əməkdaşlığı ilə gürcü və abxaz iştirakçılardan ibarət koordinasiya mexanizmi çərçivəsində bu dəfə itkin düşmüş və şəxsiyyəti müəyyən edilmiş 16 şəxsin cənazəsinin gətirilməsi və ailələrinə qaytarılması baş tutub, onlardan 7-si hərbçi, 9-u isə mülki şəxsdir.

“Gürcüstanda 1990-cı illərin silahlı əməliyyatları və 2008-ci ilin avqust müharibəsi nəticəsində itkin düşmüş şəxslərin axtarışı və onların ailələrinə dəstək üzrə dövlət proqramı intensiv şəkildə davam edir. Proqram çərçivəsində fəaliyyət göstərən humanitar koordinasiya mexanizminin bütün iştirakçılarının birgə səyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi nəticəsində, bu dəfə Abxaziyanın bölgəsindən daha 16 nəfərin cənazəsinin gətirilməsi və ailələrinə qaytarılması baş tutub. Ailələrə dərin hüznlə başsağlığı verirəm və ölkəmizin birliyi uğrunda mübarizə zamanı öz ailə üzvünün həlak olmasının təsdiqlənməsinin səbəb olduğu ağrını bu gün bir daha yaşayan hər kəsə dözüm diləyirəm. Gürcüstan hakimiyyəti, xüsusən də bu ağır günlərdə ailələrin yanında olmağa və dəstək göstərməyə, eləcə də mümkün qədər daha çox itkin düşmüş şəxsin tapılması və ölkəmizdə sülhün daha da möhkəmləndirilməsi məqsədilə maksimum səy göstərməyə davam edəcək” – dövlət naziri Tea Axvlediani bildirib.

Silahlı əməliyyatlar zamanı həlak olanların mülki yas mərasimi iki gün boyunca Sameba kafedral məbədində keçirilib. 4 döyüşçünü Diğominin qardaşlar məzarlığında, qalanlarını isə ailələrin qərarı ilə müxtəlif yerlərdə, o cümlədən ailə məzarlıqlarında hərbi qaydada dəfn ediblər.

1990-cı illərin silahlı əməliyyatları və 2008-ci ilin avqust müharibəsində itkin düşmüş şəxslərin axtarışı mexanizmləri çərçivəsində şəxsiyyətin ilk dəfə müəyyən edilməsi və cənazənin gətirilməsi 2013-cü ildə həyata keçirilib. Bu vaxtadək mexanizmlər çərçivəsində 621 nəfərin cəsədi tapılıb, onlardan 316 nəfərin şəxsiyyəti müəyyən edilib. 2000-dək insan hələ də itkin düşmüş hesab olunur.