Tbilisinin uşaq bağçalarında ərzaqların verilməsinə başlanıldı
Tbilisi merinin təşəbbüsü və Qurumlararası Koordinasiya Şurasının rekomendasiyası ilə,paytaxtın uşaq bağçalarında uşaqların valideynləri üçün ərzaqların verilməsinə başlanılıb.
Proses ilə paytaxt meri, Kaxa Kaladze,merin müavini, İlia Eloşvili və Tbilisinin Uşaq Bağçalarının İdarəçiliyi Agentliyinin rəhbəri, Kaxaber Qvantseladze , Didube rayonunun, Samtrediya küçəsində yerləşən 92 saylı uşaq bağçasında tanış olub.
Şəhər meriasından verilən məlumata görə, Kaxa Kaladze uşaq bağçalarının əməkdaşlarına təşəkkür edərək, prosesin mütəxəssislərin tövsiyyələrinə və bütün təhlükəsizlik qaydalarına uyğun həyata keçirildiyini qeyd edib.
“Didube rayonundakı uşaq bağçalarından birində qidalanma prosesi ilə tanış olduq. Verdiyimiz qərara əsasən, tez xarab olmayan, qablaşdırılan məhsullar uşaqların valideynlərinə veriləcəkdir. Bu azyaşlıların bu günlər ərzində qəbul etmələri üçün nəzərdə tutulmuş rasiondur. Valideynlər iki həftədən bir bağçaya baş çəkərək, azyaşlıların bağçada qidalandırılması üçün nəzərdə tutulmuş qidanı evə apara bilmə və öz körpələri üçün şəxsən hazırlaya bilmə imkanına sahib olacaqlar. Əlbəttə ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərindən aldığımız bütün tövsiyyələrə əməl edilib. Sanitariya – gigiyena və təhlükəsizlik normaları da maksimal şəkildə qorunub”- deyə Kaxa Kaladze bildirib.
Paytaxt meri, prosesdə iştirak edən könüllülərə təşəkkür edərək, könüllü olmaq istəyən vətəndaşları qaynar xəttdə qeydiyyatdan keçməyə çağırıb.
“Əməkdaşlarıma və prosesdə iştirak edən könüllülərə təşəkkür etmək istəyirəm. Bir çox insan bu istiqamətdə qeydiyyatdan keçir.
Bir daha təkrarlamaq istəyirəm ki, könüllü olmaq istəyənlər paytaxtın qaynar xəttinə müraciət etməlidirlər,burda onların məlumatları qeydə alınacaq.
Sonra onlarla əlaqə saxlayacağıq, təlim verəcəyik və zərurət yaranacağı təqdirdə nəzarətimiz altındakı müxtəlif sahələrə onları cəlb edəcəyik “-deyə Kaxa Kaladze bildirib.
Uşaq Bağçalarının İdarəçiliyi Agentliyinin rəhbəri bu gün,Vake rayonunda yerləşən 27 və 44 saylı uşaq bağçalarında da olub.
“Bu gün valideynlərə ərzaqların verilməsinə başladıq. Paketlərdə 12 növ tez xarab olmayan ərzaq var. Bağçalarda xüsusi yerlər yaradılıb, burda sanitariya-gigiyena normaları təmin olunub və əsas qaydalara əməl olunub. Proses sakit bir şəkildə gedir və prosesin təşkili üçün bizimlə birlikdə işləyən uşaq bağçalarının işçilərinə təşəkkür edirəm –deyə Kaxaber Qvantseladze bildirib.
Onun sözlərinə əsasən, dəyəri 1 800 000 lari olan layihə təlim-tərbiyə prosesinin bərpa olunmasınadək davam etdiriləcək.
Koronavirusun yayılması səbəbi ilə,təlim-tərbiyə prosesi Tbilisinin uşaq bağçalarında martın 2-dən etibarən dayandırılıb.Paytaxt merinin qərarı ilə, uşaq bağçalarında azyaşlıların qidalanması üçün nəzərdə tutulmuş ərzaqlar uşaqların valideynlərinə veriləcək.
Müəllif – Sevinc Mustafayeva