Tbilisi meriyası – Güclü yağış nəticəsində paytaxtda zədələnmiş infrastruktur təmizlənir, kanalizasiya xətləri yuyulur və yolların hərəkət hissəsinin təmizlənməsi işləri davam etdirilir
Avqustun 14-də, gecə saatlarında paytaxta yağan güclü yağış nəticəsində zədələnmiş infrastrukturun və küçələrin təmizlənməsi işləri intensiv şəkildə davam etdirilir. Bu barədə məlumatı Tbilisi Meriyası yayır.
Meriyada bildirdiklərinə görə, prosesə Tbilisi Meriyasının bütün müvafiq qurumlarının, rayon icra hakimiyyətlərinin və Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları cəlb olunub.
“Yaranmış problemlərin tez bir zamanda aradan qaldırılması məqsədilə „Tbiliservice Group“ MMC-nin yağış suları və drenaj şəbəkələri xidməti gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Bütün şəhər ərazisində təmizləmə və suyun çəkilməsi işləri fəal şəkildə davam etdirilir.
„Tbiliservice Group“un mobil qrupları lokal şəkildə həmin problemli nöqtələrə paylanılıb ki, orada güclü yağış səbəbindən hərəkət məhdudlaşıb və ya təhlükə yaranıb.
Fəsadların aradan qaldırılması prosesinə həm xüsusi ağır texnika, həm də „Tbiliservice Group“un canlı qüvvəsi tam şəkildə cəlb olunub. Paralel olaraq, güclü yağış nəticəsində müxtəlif növ tullantılarla dolmuş yağış suları şəbəkələri yuyulur, həmçinin kanalizasiya quyuları təmizlənir. Sel sularının gətirdiyi torpaq qatının yolların hərəkət hissəsindən təmizlənməsi işləri bütün gecə ərzində fasiləsiz rejimdə davam etdirilib.
Yağıntı xüsusilə Çuğureti, Vake, Krtsanisi və Mtatsminda rayonlarının əhalisinə ziyan vurub. Fərdi evlər və zirzəmilər su altında qalıb, Okroğanada, Sürix küçəsi 21 ünvanında isə torpaq-istinad divarı aşıb. Həmçinin, şəhər miqyasında küçələr və bir neçə metro stansiyasının ətraf əraziləri su altında qalıb.
Güclü yağış nəticəsində Nadzaladevi rayonunun Sanerqe küçəsində torpaq kütləsi çöküb və yaşayış binalarından birinin divarına ziyan dəyib. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Nadzaladevi rayon icra hakimiyyəti üç nəfərlik ailəyə müvəqqəti olaraq alternativ mənzilə köçməyi təklif edib.
Bundan əlavə, müxtəlif məhəllələrdə yerləşən bir neçə binanın fasadından suvaq qopub tökülüb. Baxtrioni küçəsində avtomobillər yamacdan uçan torpaq kütləsinin altında qalıb. Leğvtaxeviyə gəldikdə isə, daşan çay artıq öz əvvəlki səviyyəsinə qayıdıb və yaxın günlərdə ərazinin təmizlənməsi həyata keçiriləcək”, – meriyanın yaydığı məlumatda deyilib.
“Paytaxta yağan güclü yağıntı hər on rayonda da problemlər yaradıb. Yolun hərəkət hissəsinə daş-çınqıl yığılıb. Əməkdaşlarımız 24 saatlıq rejimdə təmizlik işləri aparırlar. Xüsusilə Vake, Mtatsminda və Krtsanisi rayonlarına intensiv yağıntı düşüb. 500-dən çox canlı qüvvə və 30 əməkdaş bütün perimetrlər üzrə səfərbər olunub və fəsadların aradan qaldırılması işlərinə cəlb edilib. Proses problemlər tamamilə aradan qaldırılana qədər davam edəcək”, – „Tbiliservice Group“un rəhbəri Qiorqi Papava bildirib.