Tbilisi Bələdiyyə Müfəttişliyinin avtoparkı tamamilə yenilənib

13:21, 22.04.2026

Tbilisi Bəllədiyyə Müfəttişliyinin köhnəlmiş və yüksək xərcli avtoparkı tamamilə yenilənib – bələdiyyə paytaxtın şəhərsalma qaydalarına cavabdeh olan xidmətin səmərəli fəaliyyəti üçün “Toyota” markalı 50 ədəd avtomobil satın alıb.

İqtisadi və ekoloji baxımdan təmiz, Avro-6 standartlı nəqliyyat vasitələri Tbilisi meri Kaxa Kaladze tərəfindən Bələdiyyə Müfəttişliyinin rəhbəri Qoqi Çikovani ilə birlikdə ictimaiyyətə təqdim edilib.

“Sizə şəhərdə asayişin və təhlükəsizliyin təmin olunmasında əsas həlqələrdən birini təşkil edən Tbilisi Bələdiyyə Müfəttişliyinin yeni nəqliyyat vasitələrini təqdim edirik. Nizam-intizam məhdudiyyət deyil, nizam vətəndaşın rahatlığı, təhlükəsizliyi və azadlığıdır. Məhz buna görə də “Bələdiyyə Müfəttişliyi”nin səmərəli fəaliyyəti hər bir Tbilisi sakini üçün daha yaxşı, daha nizamlı və daha təhlükəsiz mühit deməkdir. Müfəttişlik əməkdaşları şəhərdə asayişi qorumaq, qanunu tətbiq etmək və Tbilisini daha təhlükəsiz və mütəşəkkil etmək üçün hər gün 24 saat ərzində xidmət göstərirlər”, – Kaxa Kaladze bildirib.

Onun məlumatına görə, son illər ərzində bir sıra mühüm addımlar atılıb. Xüsusilə, qanunvericilik sərtləşdirilib, icra mexanizmləri gücləndirilib, müfəttişlik əməkdaşları xüsusi hazırlıq keçiblər, maddi-texniki baza tamamilə yenilənib və müasir texnologiyalar tətbiq edilib.

“Struktura yeni bir istiqamət – moto-inspeksiya əlavə edilib. Bu gün artıq müfəttişliyin avtoparkı tamamilə yenilənib. Köhnəlmiş və yüksək xərcli avtomobillər iqtisadi və ekoloji cəhətdən səmərəli, Avro-6 standartına uyğun nəqliyyat vasitələri ilə əvəz edilib. Yenilənmənin məqsədi Tbilisi Bələdiyyə Müfəttişliyinin şəhərin bütün rayon və məhəllələrində, o cümlədən rekreasiya və meşə zonalarında bərabər və səmərəli şəkildə fəaliyyət göstərməsi, pozuntulara tez reaksiya verməsi, onların qarşısının alınması və profilaktikasını təmin etməkdir”, – Tbilisi meri qeyd edib.

Kaxa Kaladze hər gün görünmədən gördükləri mühüm işə görə Tbilisi Bələdiyyə Müfəttişliyinin hər bir əməkdaşına təşəkkürünü bildirib. Tbilisi meri həmçinin avtomobilləri təchiz edən şirkətin nümayəndələrinə də təşəkkür edib.

Həmçinin, etimada görə Tbilisi sakinlərinə də təşəkkür edirəm, çünki gördüyümüz hər iş bizim şəhərimiz və hər bir vətəndaş üçündür. Bizim vəzifəmiz yalnız infrastrukturun inkişafı deyil. Bizim vəzifəmiz şəhərdə nizam-intizamın, ədalətin və məsuliyyətin bərqərar olmasıdır. Tbilisi qanunun işlədiyi, vətəndaşların qorunduğu və inkişafın hər gün hiss olunduğu bir şəhər olmalıdır”, – paytaxt meri qeyd edib.

”Bələdiyyə Müfəttişliyi”nin rəhbəri tədbir iştirakçılarına müraciət edərək Tbilisi meri, Şəhər Şurası və Parlament nümayəndələrinə dəstək və əməkdaşlıq üçün təşəkkür edib.

“Xidmətimizin avtoparkı tamamilə yenilənib ki, bu da bizim səmərəli və operativ fəaliyyətimiz üçün çox vacibdir. Avtoparkın yenilənməsindən əvvəl “Bələdiyyə Müfəttişliyi”nin daha operativ, daha effektiv olması və səlahiyyətlərimiz çərçivəsində olan bütün çağırışlara cavab verməsi üçün bir sıra konkret tədbirlər həyata keçirdik. Bu gün görülən tədbirlər nəticəsində xidmətimiz daha mobil hala gəlib, bütün rayonlarda coğrafi əhatəyə malikik və hər yerdə tikinti sahəsində pozuntuların qarşısının alınması və profilaktikası, həmçinin paytaxtın görünüşünün qorunması, tikintisi başa çatmış obyektlər və tikinti-icazə şərtlərinə riayət olunması və s. məsələlər üzrə operativ reaksiya verə bilirik. Bizim müfəttişlər, memarlar, hüquqşünaslar və geodeziya mütəxəssisləri bütün bu istiqamətlər üzrə pozuntuların qarşısının alınması və aşkar edilməsi üçün 24 saatlıq rejimdə çalışırlar”, – Qoqi Çikovani bildirib və qurumun hər bir əməkdaşına göstərdikləri xüsusi zəhmət, yüksək məsuliyyət və vicdanlı fəaliyyətə görə təşəkkürünü bildirib.

Tbilisi Bələdiyyə Müfəttişliyinin avtoparkının yenilənməsinin məqsədi şəhərin bütün rayon və məhəllələrində, o cümlədən meşə və landşaft-rekreasiya zonalarında asayişin qorunması tədbirlərinin bərabər və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdir. Bu, həmçinin paytaxtda şəhər qaydalarının qorunmasını, pozuntulara operativ və effektiv reaksiya verilməsini, onların vaxtında qarşısının alınmasını və profilaktikasını təşkil edir

Tbilisi Bələdiyyə Müfəttişliyi şəhər nizam-intizamına cavabdeh olan bələdiyyə xidmətidir və paytaxt miqyasında bir sıra sahələrdə, o cümlədən tikinti fəaliyyəti və təhlükəsizlik sahəsində 24 saatlıq monitorinq və yoxlamalar həyata keçirir; Dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərin, ətraf mühitin, mədəni irsin və şəhərin görünüşünün qorunması; Ticarət, reklam və akustik səs-küyün nəzarəti; Tikintisi başa çatmış obyektlərin icazə şərtlərinə və qanunvericiliyə uyğunluğunun təsdiqlənməsi və istifadəyə qəbul edilməsi. Müfəttişlik öz səlahiyyətləri çərçivəsində pozuntuların aşkar edilməsini və qanunvericiliyə uyğun olaraq onlara reaksiya verilməsini təmin edir, qanun pozucularına qarşı maliyyə sanksiyalarının tətbiqini həyata keçirir, şəhərə dəymiş ziyanın ödənilməsini təşkil edir, həmçinin dövlət və bələdiyyə torpaqlarının zəbt edilməsinin qarşısının alınması üçün xüsusi tədbirlər görür.

Yenilənmiş avtoparkın təqdimatında Tbilisinin vitse-meri Qiorqi Tğemaladze, merin müavinləri, həmçinin sakrebulo və parlament nümayəndələri iştirak edirdilər.

Oxşar