Tailand və Kamboca atəşkəs barədə razılığa gəliblər. Bu barədə “BBC” məlumat yayır.
Medianın məlumatına görə, iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanan saziş dekabrın 27-də qüvvəyə minəcək.
Tərəflər razılaşıblar ki, Tailand və Kamboca hərbi qüvvələri mövcud döyüş xəttləri boyunca, öz mövqelərində qalacaqlar. Tailand hökuməti atəşkəs razılaşmasının 72 saatdan çox davam edəcəyi təqdirdə 18 hərbçini vətənə qaytaracağına söz verib.
Tailand və Kamboca arasında son hərbi əməliyyatlar 20 gün davam edirdi. Toqquşmalar dekabrın 6-dan başladı. Münaqişə nəticəsində hər iki tərəfdə 101 nəfər həlak oldu. Yüz minlərlə dinc vətəndaş evlərini tərk etmək məcburiyyətində qaldı.
Məlumat üçün bildirək ki, Tailand və Kamboca arasında münaqişə 100 ildən artıqdır ki, davam edir. Onların mübahisə mövzusu, iki ölkə arasında mövcud olan 800 kilometrlik sərhəd boyu yerləşən müxtəlif ərazilərdir. Münaqişə iyul ayında da gərginləşdi, nəticədə 48 nəfər həyatını itirdi. ABŞ prezidentinin vasitəçiliyi ilə oktyabr ayında ölkələr arasında atəşkəs razılaşması imzalandı, lakin dekabr ayında bu razılaşma pozuldu.