Tamar İoseliani - Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin ofisinin açılması Gürcüstana yeni investisiyaların cəlb olunmasına və birgə müəssisələrin yaradılmasına töhfə verəcək
Davamlı İnkişaf Nazirinin müavini Tamar İoseliani Gürcüstanda Koreya Respublikasının Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) ofisinin açılışında iştirak edib.
Nazir müavininin salamlama nitqində bildirdiyi kimi, Tbilisidə KOTRA ofisinin açılması ilə ölkələr arasında artan ikitərəfli tərəfdaşlıqda yeni mərhələ başlanıb. Onun dediyinə görə, bu tədbir ölkələr arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verəcək. “Gürcüstan sabit investisiya mühiti, güclü regional əlaqələr və logistika, smart texnologiyalar, yaşıl enerji, istehsal və dəniz xidmətləri sahələrində artan potensial təklif edir. Biz əminik ki, KOTRA yeni investisiyaların cəlb olunmasına və birgə müəssisələrin yaradılmasına töhfə verəcək”, – Tamar İoseliani bildirib.
Nazir müavininin bəyan etdiyi kimi, Gürcüstan və Koreya Respublikası ticarət, investisiya və geniş iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradacaq İqtisadi Tərəfdaşlıq Sazişi üzrə danışıqları uğurla başa çatdırıblar. “Mən həmçinin ölkələr arasında uğurla davam etdirilən İnvestisiyaların Təşviqi və Qorunması haqqında Sazişi xüsusi ilə qeyd etmək istəyirəm. Bu, möhkəm hüquqi əsas təmin edəcək və investisiya axınlarının gələcək təşviqi üçün əlavə stimullar yaradacaq”, – Tamar İoseliani qeyd edib.
Nazir müavini həmçinin ikitərəfli əməkdaşlığın bir neçə prioritet istiqamətinə diqqət çəkdi, o cümlədən “Yaşıl Liman” təşəbbüsü; balıqçılıq limanının texniki–iqtisadi tədqiqi; dəniz təhlükəsizliyi, naviqasiya xəritələrinin hazırlanması, beynəlxalq daşımaların səmərəliliyinin artırılması və digər layihələr.
KOTRA ofisinin açılışında həmçinin xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili, İqtisadiyyat Nazirliyinin İnnovasiyalar və Texnologiyalar Agentliyinin rəhbəri Avtandil Kasradze, KOTRA-nın prezidenti və baş icraçı direktoru Kanq Qion Son, Koreya Respublikasının Gürcüstandakı səfiri Hion du Kim də iştirak ediblər.
Məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayır.