Tailand Kamboca ilə həmsərhəd səkkiz bölgədə hərbi vəziyyət elan edib
Tailand Kamboca ilə həmsərhəd səkkiz bölgədə hərbi vəziyyət elan edib

Tailand Kamboca ilə həmsərhəd səkkiz bölgədə hərbi vəziyyət elan edib.

İki ölkə sərhədində qarşıdurmalar ikinci gündür ki, davam edir. Zorakılığın təhriki və atəş açmaqda hər iki tərəf bir-birini ittiham edir.

Kamboca Taylanda raket və artilleriya ilə atəş açdı, Tayland isə F-16 tipli qırıcı təyyarələrlə Kambocanın hərbi obyektlərinə hücum etdi.

Qarşıdurma və münaqişənin genişlənməsi fonunda yerli sakinlər yaşayış məntəqələrini tərk edirlər. Taylandın baş nazirinin bildirdiyinə görə, yüz minə yaxın sakin evlərini tərk edərək müvəqqəti sığınacaqlara köçüb. Kamboca tərəfi isə 23 minə yaxın insanın təxliyə edildiyini bildirir.

İki gün davam edən qarşıdurma fonunda Tailand tərəfində 16 nəfər həlak olub, ən azı 46 nəfər yaralanıb. Kamboca itkilər və yaralananlar barədə məlumatı açıqlamır.