Suriyaya, Türkiyə vasitəsilə, Azərbaycan təbii qazının ixracına başlanılıb
Suriyaya, Türkiyə vasitəsilə, Azərbaycan təbii qazının ixracına başlanılıb

Suriyaya, Türkiyə vasitəsilə, Azərbaycan təbii qazının ixracına başlanılıb. Bu barədə Azərbaycan mediası məlumat yayır.

Medianın məlumatına görə, Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqlinə başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Suriya və Qətər hökumətlərinin nümayəndələri iştirak edirdi.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun bildirdiyinə görə, Azərbaycan təbii qazının Suriyaya tədarükü ilə bağlı razılıq Azərbaycan prezidenti İlham Əliyevin Suriya lideri Əhməd əl-Şaraa ilə görüşündə əldə olunub. Cabbarovun dediyinə görə, bu addım Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcək və Cənubi Qafqaz və Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyacaq.

Öz növbəsində, Suriya energetika naziri Məhəmməd əl-Başir uzun illər davam edən müharibədən zərər çəkmiş Suriyanın bərpasına verdiyi töhfəyə görə Azərbaycana və Türkiyəyə təşəkkür edib.

Türkiyənin energetika naziri Alparslan Bayraktarın dediyinə görə, Azərbaycan təbii qazı Türkiyənin Kilis şəhəri vasitəsilə Suriyaya tədarük ediləcək və Suriya gündəlik 6 milyon kubmetr qaz alacaq. Onun bildirdiyinə görə, ilk mərhələdə Suriyanı ildə 2 milyard kubmetrədək qazla təmin etmək mümkün olacaq ki, bu da Suriyanın Hələb şəhərində elektrik stansiyasının işə salınmasına kömək edəcək.