Suriya keçid hökumətinin prezidenti tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırır
Suriya keçid hökumətinin prezidenti tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırır

.Suriya keçid hökumətinin prezidenti Əhməd əl-Şaraa tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırır. O, bu barədə müraciəti zamanı bildirib. O, çıxışında ərəb və amerikalı vasitəçilərin sülhün bərqərar olmasına köməklik göstərdiyini qeyd edib. O, həmçinin İsraili Suriyanın cənubunda və Dəməşqdə hökumət qüvvələrinə zərbələr endirdiyinə görə tənqid edib.

“Biz qəbilələrin qəhrəman mövqelərinə görə onlara təşəkkür edirik, lakin onları atəşkəs rejiminə tam şəkildə riayət etməyə və dövlətin göstərişlərinə tabe olmağa çağırırıq. Hər kəs başa düşməlidir ki, indi yaşadığımız hadisələrin öhdəsindən gəlmək üçün bu məqam birlik və tam əməkdaşlıq tələb edir”, – əl-Şaara deyib.

Suriya prezidentinin sözlərinə görə, Suriya dövləti ölkədəki bütün azlıqları və qrupları qorumağa hazırdır və pozuntu törədən hər kəsi – hansı tərəfə mənsub olmasından asılı olmayaraq – məsuliyyətə cəlb edəcək.

Əhməd əl-Şaraa sülh çağırışı ilə çıxış edərək bildirib ki, Suriya parçalanma, bölünmə və məzhəblərarası düşmənçilik poliqonu olmayacaq.

“İsrailin müdaxiləsi ölkəni təhlükəli bir mərhələyə sürüklədi, bu isə sabitliyə təhlükə yaradır,” – o deyib.

Suriya hökuməti bildirir ki, təhlükəsizlik qüvvələri əsasən druzilərin yaşadığı cənubdakı Süveyda şəhərində yerləşdirilib. Süveyda vilayətində vəziyyət həftənin əvvəlində gərginləşdi, druz döyüşçüləri ilə bədəvi tayfaları arasında bir neçə gün davam edən hərbi toqquşmalar başladı və bundan sonra Suriya hökuməti bölgəyə hökumət qüvvələrini göndərdi. İyulun 16-da İsrail Dəməşqdə yerləşən hökumət binalarını bombalayıb və Suriyanın cənubunda yerləşən hökumət qüvvələrinə hücum edib. İsrail hakimiyyəti bildirir ki, druz azlığını müdafiə edir. Cümə günü ABŞ-ın Türkiyədəki səfiri və Suriyada xüsusi nümayəndəsi Tom Barak bəyan edib ki, Suriya və İsrail atəşkəs barədə razılığa gəliblər.