Surami dolama yolunun tikintisi başa çatdı, yol 16 avqustda açılacaq
Surami dolama yolunun tikintisi başa çatdı, yol 16 avqustda açılacaq

Zemo Osiauri-Çumateteli yolunun ikinci hissəsində (Surami dolama yolu) tikinti işləri başa çatıb. Avtonəqliyyat üçün yeni yol 16 avqust saat 12:00-dan açılacaq. Gürcüstanın İnfrastruktur Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, Surami dolama yolu Şərq-Qərb sürətli avtomagistralının mühüm hissəsidir və onun tikinti layihəsi İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti tərəfindən həyata keçirib.

“Yeni, 6.4 km uzunluğunda dördzolaqlı magistral yolun hissəsində 11 körpü və 5 tunel inşa edilib. Bu hissə Surami və Çumateletidən yan keçərək Rikoti aşırım yolunun birinci tunelinə qoşulan 13 km-lik Xaşuri dolama yolunun davamıdır. Yol beynəlxalq yol təhlükəsizliyi standartlarına uyğun olaraq tikilib və müasir işıqlandırma sistemi ilə təchiz olunub. Layihə hərəkət vaxtını əhəmiyyətli dərəcədə azaldacaq, yol hərəkəti təhlükəsizliyini yaxşılaşdıracaq və Suramini tranzit nəqliyyat axınından tam şəkildə azad edəcək.

Tikinti işləri Dünya Bankının krediti və dövlət büdcəsinin birgə maliyyələşdirilməsi ilə həyata keçirilib. Layihənin ümumi dəyəri 265 milyon lari təşkil edib.

Surami dolama yolu açıldıqdan sonra avtonəqliyyat Tbilisidən Samtredia istiqamətində 230 km-lik fasiləsiz sürətli yolundan istifadə edəcək”, – məlumatda qeyd edilib.