ABŞ Maliyyə Naziri Skott Besant bildirib ki, Vaşinqton Rusiya neftinə qarşı sanksiyaları ləğv etməyi düşünür.
“Hindlilər çox yaxşı idilər. Biz onlardan xahiş etdik ki, sanksiyaya məruz qalmış Rusiya neftinin alınmasını dayandırsınlar və onlar da bunu etdilər. Onlar onu ABŞ nefti ilə əvəz etmək niyyətində idilər, lakin dünyada müvəqqəti neft çatışmazlığını azaltmaq üçün onlara Rusiya neftini almağa icazə verdik. Rusiya neftinə qarşı digər sanksiyaları ləğv edə bilərik”, – Besant “Fox Business”ə müsahibəsində qeyd edib.
ABŞ Maliyyə Nazirinin izahatına görə, sanksiyalar səbəbindən çox sayda tanker dayanıb və bu sanksiyalar ləğv olunarsa, neft bazara çıxacaq və qlobal təchizat artacaq.
Besent Hörmüz boğazında daşımaların təhlükəsizliyi barədə də danışıb. ABŞ-ın Maliyyə Naziri qeyd edib ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı vəziyyəti qiymətləndirir və yaxın həftələrdə marşrutun açılması gözlənilir.