Si Dzinpin və Donald Tramp arasında telefon danışığı olub
Çin lideri Si Dzinpin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefonla danışıb. Bu barədə məlumatı Çinin Sinxua agentliyi yayır.
Lakin media vasitəsi söhbətin təfərrüatları barədə heç nə yazmır.
Bundan əvvəl Donald Trampın inauqurasiya mərasimində Çinin vitse-prezidenti Han Çjenin iştirak edəcəyi məlum oldu. Çin dövlət mediasının məlumatına görə, Han Çjen Amerika tərəfinin dəvəti ilə yanvarın 20-də Vaşinqtonda planlaşdırılan tədbirdə iştirak edəcək.
Si Dzinpinlə telefon danışığı barədə Donald Tramp da yazır. Seçilmiş prezidentin qeyd etdiyi kimi, o və Si Dzinpin dünyanı daha dinc və təhlükəsiz etmək üçün əllərindən gələn hər şeyi edəcəklər.
“Mən bu yaxınlarda Çin prezidenti Si Dzinpinlə danışdım. Bu həm Çin, həm də ABŞ üçün yaxşı telefon söhbəti idi. Gözləntilərim ondan ibarətdir ki, biz bir çox problemləri birlikdə həll edəcəyik və dərhal buna başlayacağıq. Biz balanslaşdırılmış ticarət, fentanil, “TikTok” və bir çox başqa məsələləri müzakirə etdik. Prezident Si və mən dünyanı daha dinc və təhlükəsiz yerə çevirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”, – Tramp yazır.