Seutaya miqrantların yenidən kütləvi axını ilə bağlı çağırışlar fonunda, Mərakeş və İspaniya sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib
Mərakeş Daxili İşlər Nazirliyi Seuta və Melilyaya qanunsuz daxil olmaq üçün yeni cəhdləri təhrik etməkdə şübhəli bilinən bir qrup şəxsi saxladığını bildirir.
Sosial şəbəkələrdə yayılan çağırışlara əsasən, miqrantların sərhəddən kütləvi şəkildə keçidi bu gün, avqustun 15-də baş verməli idi.
Mərakeş hakimiyyətinin bildirdiyinə görə, son günlərdə təhlükəsizlik tədbirləri xüsusilə gücləndirilib. Sərhədyanı Fnidek şəhərində hakimiyyət orqanları əlavə maneələr, o cümlədən tikanlı məftillər quraşdırıb. Sərhəddə həmçinin təzyiqli su maşınları da yerləşdirilib.
Paralel olaraq, hazırda Seutada İspaniya Milli Polisinin 880 əməkdaşı səfərbər olunub. Onlara əlavə olaraq təxminən 2 000 hərbçi və Mülki Qvardiyanın 700 əməkdaşı kömək edir.
Məlumat üçün bildirək ki, avqustun əvvəlində on minlərlə miqrant Mərakeş ərazisindən İspaniyanın Seuta anklavına daxil olmağa cəhd edib. Yerli hakimiyyət orqanlarının qiymətləndirməsinə görə, şəhərə qanunsuz olaraq təxminən 60 min insan daxil olub. Seutada baş verən miqrasiya böhranı nəticəsində 100 nəfər həlak olub.
İspaniya hökumətinin məlumatına görə, miqrantların əksəriyyəti bir neçə saat və ya bir neçə gün ərzində Mərakeşə qayıdıb. Hazırda Seutada təxminən 5000 miqrant qalır.