Səudiyyə Ərəbistanı, Türkiyə və Misirin xarici işlər nazirləri İslamabadda keçiriləcək ABŞ-İran danışıqlarında iştirak edəcəklər
Səudiyyə Ərəbistanı, Türkiyə və Misirin xarici işlər nazirləri İslamabadda ABŞ ilə İran arasında müharibənin başa çatdırılması və regionda gərginliyin azaldılması məqsədilə keçiriləcək danışıqlarda iştirak edəcəklər. Bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar və digər rəsmi şəxslər məlumat yayır.
Bəyanata görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Misir xarici işlər naziri Bədr Əbdüllətif bazar günü İslamabada iki günlük səfər edəcəklər.
Medianın məlumatına görə, səfərin məqsədi “regionda gərginliyin azaldılması səyləri də daxil olmaqla müxtəlif məsələlər üzrə dərin müzakirələr aparmaqdır”.
Səudiyyə Ərəbistanı, Türkiyə və Misirin xarici işlər nazirləri Pakistanın Baş naziri Şehbaz Şərif ilə görüşəcəklər.
Pakistan baş nazirinin bildirdiyinə görə, “Pakistan regionu və qardaş İslam ölkələrini müharibənin dağıdıcı təsirlərindən və onun mənfi nəticələrindən xilas etmək üçün diplomatik səviyyədə – dialoq və qarşılıqlı əlaqə yolu ilə müharibəni dayandırmaq üçün səmimi səylər göstərir”.