Sergey Narışkin – Avrasiyada genişmiqyaslı münaqişənin yaranma riski realdır

18:54, 04.09.2026

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Avrasiyada genişmiqyaslı münaqişənin yaranma riskinin real olduğunu bildirib, – bu barədə “TASS” yazır.

“Bütün Avrasiya məkanında genişmiqyaslı münaqişənin yaranma riski tamamilə realdır və bu, çox ciddi narahatlıq doğurur. Bizim məlumatlarımıza görə, Avropa liderləri Qərb kəşfiyyat xidmətlərinin hələ ötən əsrdə hazırladığı idarə olunan eskalasiya və balanslaşdırma strategiyasına inanırlar”, – deyə Narışkin kəşfiyyat fəaliyyəti məsələlərinə həsr olunmuş, MDB-yə üzv ölkələrin təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin XXII iclasında bildirib.

Narışkinin sözlərinə görə, Qərb siyasətçilərinin işə saldığı təbliğat mexanizmləri dünyanın elə sərt mənzərəsini yaradır ki, onların özləri bu mənzərənin girovuna çevrilir və öz qurduqları tələyə düşürlər.

“Belə bir vəziyyətdə diplomatiya artıq işləmir və dövlətlər, sözün əsl mənasında, özlərini total müharibənin içində tapırlar ki, bu da çox vaxt hamı üçün dağıdıcı nəticələrlə başa çatır”, – Narışkin qeyd edib.

“Biz hadisələrin bu cür inkişafının qarşısını almağa borcluyuq. Xoşbəxtlikdən, tarix eskalasiya spiralından uğurla çıxmaq nümunələrini bilir, hərçənd o qədər də çox deyil. Ən bariz nümunələrdən biri, bizim ümumi böyük ölkəmiz olan Sovet İttifaqı ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı güzəştlərə gedə bildiyi və nüvə müharibəsinin qarşısını aldığı Karib böhranıdır”, – Narışkin bildirib.

Oxşar