Sergey Lavrov və Marko Rubio arasında telefon danışığı olub
Sergey Lavrov və Marko Rubio arasında telefon danışığı olub

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, telefon danışığı amerikan tərəfinin təşəbbüsü ilə baş tutub.

“Xarici işlər nazirliklərinin rəhbərləri İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar. Marko Rubio hərbi əsirlərin mübadiləsinə dair razılaşmaları və hər bir tərəfin atəşkəsə nail olmaq üçün zəruri şərtlərə öz baxışını hazırlamasını təqdir edib”, – bəyanatda qeyd edilib.

Bununla yanaşı, bəyanatda Marko Rubionun Vaşinqtonun vəziyyətin həlli yollarının axtarışını asanlaşdırmağa davam etməyə hazır olduğunu vurğuladığı deyilib.

“Sergey Lavrov öz növbəsində Kiyevin Rusiya prezidenti Vladimir Putinin İstanbul danışıqlarını bərpa etmək təklifini nəhayət qəbul etməsinə töhfə verən ABŞ-ın müsbət rolunu qeyd edib. Lavrov Moskvanın bu kontekstdə amerikalı həmkarları ilə birgə işi davam etdirməyə hazır olduğunu təsdiqləyib”, – Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Onların məlumatına görə, telefon danışığı zamanı digər beynəlxalq və regional problemlər də müzakirə edilib, Rusiya-Amerika təmaslarının davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.