Serqey Lavrov-Rusiya Zelenskinin “sülh düsturu” əsasında heç kimlə danışmaq fikrində deyil, aydındır ki, Kiyevin özü də dialoqa hazır deyil
Serqey Lavrov-Rusiya Zelenskinin “sülh düsturu” əsasında heç kimlə danışmaq fikrində deyil, aydındır ki, Kiyevin özü də dialoqa hazır deyil

 

Rusiya Volodimir Zelenskinin “sülh düsturu” əsasında heç kimlə danışmaq fikrində deyil, aydındır ki, Kiyevin özü də dialoqa hazır deyil-bu barədə Rusiya xarici işlər naziri Serqey Lavrov açıqlayıb.

Rusiya XİN rəhbəri bildirib ki, Ukrayna Prezidenti Qərbin köməyilə rus qoşunlarının Donbassdan, Krımdan, eləcə də Zaporojie və Xerson vilayətlərindən çıxarılmasına nail olacağına dair illuziya yaşayır.

Lavrov qeyd edib ki, Moskva münaqişənin diplomatik yolla həlli ideyasından əl çəkmir, lakin indi Ukraynada adekvat siyasətçilərin olub-olmadığını söyləmək çətindir.

“Xüsusi hərbi əməliyyat başlayan kimi Volodimir Zelenski danışıqlar masasına oturmaq təşəbbüsü ilə çıxış etdi. Biz bundan imtina etmədik və onun nümayəndələri ilə görüşə razılaşdıq. Bir neçə raund davam edən danışıqlar göstərdi ki, qarşılıqlı məqbul razılaşmalar əldə oluna bilər. Bununla belə, fevral ayında başlayan danışıqlar prosesi Zelenskinin mühüm qərarların qəbulunda tam müstəqil olmadığını göstərdi. Artıq aprel ayında hərbi əməliyyatların davam etdirilməsində maraqlı olan anqlo-saksonların göstərişi ilə o, danışıqları tez dayandırdı və mövqeyini kəskin şəkildə sərtləşdirdi”-deyə Serqey Lavrov qeyd edib.