Serqey Lavrov Abxaziyaya sosial ödənişlərin dayandırılmasını “öhdəliklər balansı” ilə izah edib
Serqey Lavrov Abxaziyaya sosial ödənişlərin dayandırılmasını “öhdəliklər balansı” ilə izah edib

 
Rusiyanın xarici işlər naziri Serqey Lavrov işğal altındakı Abxaziyaya sosial ödənişlərin dayandırılmasını “öhdəliklər balansı” ilə izah edib.

Bu haqda Serqey Lavrov rus mediası ilə müsahibəsində deyib.

“Məsələ öhdəliklər balansının qorunmasının zəruriliyinə aiddir və Abxaziyada bunu yaxşı başa düşürlər” – Lavrov bildirib.

Lavrovun müsahibəsində izah etdiyi kimi, “Rusiya tərəfindən Abxaziyada sosial ödənişlərin dayandırılması ağırlaşma deyil”.

“Mən bunu ağırlaşma adlandırmazdım. Qayıdaq indicə danışdığımız məsələyə: bu, əldə olunan razılaşmaların həyata keçirilməsidir. Prezidentlər tərəfindən sanksiyalaşdırılan, hər iki ölkənin hökumətləri tərəfindən təsdiqlənən razılaşmalar paketi var. Və hər iki parlamentdə ratifikasiya edilən bu razılaşmalara uyğun olaraq hər bir ölkənin öhdəlikləri var. Məsələ bu öhdəliklərin balansının qorunmasına aiddir və abxaz dostlarımız bunu yaxşı başa düşürlər” – Lavrov bildirib.

Həmçinin, Lavrov avqustun əvvəlində işğal altındakı Abxaziyanın dırnaqarası xarici işlər naziri vəzifəsinə yeni təyin olunmuş Serqey Şambanı Rusiyaya dəvət etdiyini bildirib.

“Əminəm ki, yaxın günlərdə, həftələrdə belə bir görüşü təşkil edə biləcəyik. Və əlbətdə, digər qurumlarımız Suxumidəki həmkarları ilə işləyirlər. Lakin bir daha əsas olan prezidentlər tərəfindən təsdiqlənən əldə olunmuş bütün razılaşmaları yerinə yetirməkdir” – Rusiyanın xarici işlər naziri bildirib.

Məlum olduğu üzrə, sentyabrın 1-də Rusiya işğal altındakı Abxaziyada müəllimlər, həkimlər və güc strukturlarının əməkdaşlarının aldığı sosial ödənişləri dayandırıb. Həmçinin, işğal altındakı Abxaziyanın dırnaqarası hökumətində bildirirlər ki, bu il payız və qış aylarında Moskva onlara elektrik enerjisini kommersiya qiymətinə verəcək.

İşğal altındakı Abxaziyanın dırnaqarası xarici işlər naziri Serqey Şambanın dediyi üzrə, sözügedən məsələ Rusiyanın Prezident Administrasiyası rəhbərinin müavini Dimitri Kozak və işğal altındakı Abxaziyanın dırnaqarası prezidenti Aslan Bjanianın avqust ayında Moskvada keçirilən görüşündə müzakirə edilib.

“Bizim tərəfimizdən öhdəliklərin yerinə yetirilməməsinin müəyyən sanksiyalara səbəb ola biləcəyindən bəhs edildi, onların icrasına artıq sentyabrın 1-dən başlanılıb” – Şamba bildirib.

Rus mediasının yazdığı üzrə, ehtimal ki, bu görüşün protokolunu abxaz “Telegram” kanalları dərc ediblər.

Sənəd dörd əsas bəndi əhatə edir :

1. Rusiya maliyyə yardımını dayandırır. Onu yeniləmək üçün Abxaziya iqtisadi məsələlər üzrə məhkəmə və arbitraj qərarlarının tanınması və icrası haqqında ikitərəfli sazişi ratifikasiya etməlidir; Rus şirkətlərinin Abxaziyada investisiya layihələrini həyata keçirmək hüququ haqqında sazişin qüvvəyə minməsini təmin etsin və rus investorlar üçün kommersiya daşınmaz əmlak bazarına qoyulan məhdudiyyətləri aradan qaldırsın;

2. Payız və qış aylarında Abxaziya rus elektrik enerjisini kommersiya qiymətinə alacaq;

3. Sentyabrın 20-dək Rusiya Abxaziya parlamentinin, Rusiya-Abxaziya münasibətlərinin inkişafına xələl gətirən” fəaliyyətlə məşğul olan Rusiya vətəndaşlığı olan üzvləri və müxalifət liderləri haqqında məlumat almalıdır ki, Rusiya vətəndaşlığından onların məhrum edilməsi məsələsini daha sonra müzakirə etsin ;

4. Dövlət Duması və Federasiya Şurası “Rusiya qarşısında öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qeyri-konstruktiv mövqelərinə görə” abxaz deputatlarla təmasları minimuma endirəcək.

Şamba ilk iki bəndi təsdiqləyib, lakin bütövlükdə sənədin həqiqiliyini yox. O, abxaz deputatların Rusiya vətəndaşlığından məhrum edilməsi ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib və qeyd edib ki, bu məsələ Moskvanın səlahiyyətindədir.

Rusiya hakimiyyətinin qərarından əvvəl iyul ayında işğal altındakı Abxaziya parlamentində mübahisəli qanun layihəsinin təşəbbüsü irəli sürülüb.

Dəyişikliklər Abxaziya prezident aparatı tərəfindən irəli sürülmüşdü və işğal altındakı Abxaziyanın şərq hissəsində 150 ​​hektarlıq ərazidə mənzillərin və mehmanxanaların tikintisini nəzərdə tutur. Abxaziyanın dırnaqarası hökumətinin iddia etdiyi kimi, “onların əcnəbilərə satılması yerli iqtisadiyyatın inkişafına töhfə verəcək və büdcəni dolduracaq”.

Rusiya tərəfindən işğal olunmuş Abxaziyanın dırnaqarası müxalifəti və “ictimai təşkilatlar” bu təşəbbüsün əleyhinə çıxdılar. Onların fikrincə, “qanunun icrası ölkədə demoqrafik tarazlığı pozmaq təhlükəsi yaradır”.

Bir neçə günlük etirazlardan sonra layihəni geri götürdülər.