Serbiya meşə yanğınları ilə mübarizə aparmaq üçün Avropa İttifaqı və Rusiyadan yardım istəyib

22:20, 21.08.2026

Serbiya meşə yanğınları ilə mübarizə aparmaq üçün həm Avropa İttifaqından, həm də Rusiyadan yardım istəyib. Bu barədə “Reuters” agentliyi yazır.

Ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamentinin rəhbəri Luka Çauşiç bildirib ki, Serbiya Avropa İttifaqının yardım sistemindən yanğınsöndürmə təyyarələri və xüsusi texnika istəyib.

“Bizə 10 tondan çox yük daşıma qabiliyyətinə malik təyyarələr və dörd tondan çox su daşıya bilən beş helikopter lazımdır. Qeyd etməliyəm ki, özümüzün də ağır helikopterlərimiz var, lakin Avropa İttifaqının Mülki Müdafiə Mexanizmindən də yardım istəmişik. Həmçinin qumlu ərazidə işləyə bilən 10 xüsusi maşın tələb etmişik”, – deyə Kauşiç qeyd edib.

Serbiya Avropa İttifaqının üzvü deyil, lakin blokun mülki müdafiə mexanizmi çərçivəsində təcili yardıma çıxış imkanı var.

Cari ilin yayında Belqrad həmin mexanizm çərçivəsində İspaniyaya meşə yanğınları ilə mübarizədə kömək etmək üçün yanğınsöndürmə helikopteri və fövqəladə hallara reaksiya qrupu göndərib, lakin “Reuters” agentliyinin yazdığına görə, Avropa miqyasında şiddətli yanğınlar Avropa İttifaqının resurslarını əhəmiyyətli dərəcədə tükədib.

Bununla yanaşı, nəşrin qeyd etdiyinə görə, cari həftənin əvvəlində Rusiya yanğınla mübarizə aparmaq üçün Serbiyaya təyyarə göndərib. Serbiya mediasının məlumatına görə, təyyarə Serbiyanın yardım istəməsindən sonra Vladimir Putinin əmri ilə göndərilib.

Oxşar