Şarl Mişel – Ukrayna və Avropa İttifaqı bir ailədir

20:23, 03.02.2023

 

Avropa İttifaqı Şurasının Prezidenti Ukrayna və Avropa İttifaqının bir ailə olduğunu bildirib. Şarl Mişel bu barədə Kiyevdə Aİ-Ukrayna zirvə toplantısı çərçivəsində keçirilən mətbuat konfransında açıqlayıb.

Mişel Ukrayna azad və demokratik olmadan, Avropanın azad və demokratik ola bilməyəcəyini bildirib.

“Avropa İttifaqı lazım olduğu qədər Ukraynanın yanında olacaq. Kreml bizi qorxuda bilməz, çünki Ukrayna və Avropa İttifaqı bir ailədir. Ukraynanın gələcəyi Avropa İttifaqındadır. Ukrayna xalqı azadlıq, demokratiya və qanunun aliliyi lehinə aydın seçim etdi. Biz Avropa İttifaqında da gələcəyinizin bizimlə, ümumi Avropa İttifaqında olması ilə bağlı birmənalı qərar vermişik. Taleyiniz bizim taleyimizdir”-deyə Şarl Mişel açıqlayıb.

O, Avropa İttifaqının 18 milyard avroluq paketdən Ukraynaya maliyyə dəstəyini davam etdirəcəyini söyləyib.

Öz növbəsində Avropa Komissiyasının Prezidenti Ukraynanın Avropa İttifaqına daxil olması müddətinin müəyyən edilmədiyini, lakin Ukraynanın nail olması gərəkən hədəfləri olduğunu bildirib. Onların arasında vəziyyəti düzəltmək üçün islahatlar aparmaq lazımdır. Ursula fon der Laien ölkədə müharibənin getməsi fonunda bu gün Kiyevdə 24-cü Aİ-Ukrayna sammitinin keçirilməsinin artıq çox şeyin göstəricisi olduğunu açıqlayıb.

“İrəliləmək üçün hərəkətiniz heyrətamizdir. Tövsiyələri həyata keçirmək məqsədilə islahatları irəli aparmaq üçün mühüm addımlar atırsınız. Təcavüzkara qarşı mübarizə apararkən bunu etdiyinizi unutmamalıyıq” – deyə Ursula fon der Laien açıqlayıb.

Məlum olduğu kimi, Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlaması üçün zəruri olan tövsiyələrin icrası baxımından atılan addımların qiymətləndirilməsi ilə bağlı yazda hesabat dərc edəcək.

Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuat konfransında çıxışı zamanı dediyi kimi, Ukraynanın Avropa İttifaqına daxil olması geri dönməz prosesdir. O, həmçinin Avropa İttifaqını Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb.

Avropa İttifaqının liderləri Rusiyaya qarşı onuncu sanksiyalar paketinin tətbiqi üzrə işlərin artıq getdiyini və paketin Rusiyanın Ukraynaya müdaxiləsinin birinci ildönümündə, fevralın 24-də hazır olacağını bildiriblər.

Oxşar