Gürcüstan Futbol Federasiyasının infrastruktur layihələri çərçivəsində Samtrediada Kaxa Kaladze adına futbol mərkəzi açıldı.
Layihə çərçivəsində Samtredianın futbol mərkəzində işıqlandırmalı iki standart ölçülü süni örtüklü meydança və iki yüz tamaşaçı üçün nəzərdə tutulmuş tribuna təşkil edildi. Bununla yanaşı, paltardəyişmə və inzibati otaqlardan ibarət inzibati bina tikildi.
Layihə FİFA proqramı, FORWARD, UEFA proqramı, Hat Trick və Gürcüstan Futbol Federasiyasının maliyyəsi ilə həyata keçirildi. İnfrastrukturun qorunub-saxlanması Gürcüstan Futbol Federasiyası tərəfindən həyata keçirilir. Qeyd olunan infrastrukturdan yerli uşaq futbol məktəbləri və qızlar komandaları tam pulsuz istifadə edə biləcəklər.
Samtredia ilə yanaşı, oxşar infrastruktur layihələri Potidə və Tbilisinin beş məhəlləsində, o cümlədən Varketili, Qldani, Didi Diğomi, Vake və Nutsubidze Platosunda həyata keçirildi, hazırda isə Diğomi massivində yeni futbol mərkəzinin tikintisi davam etdirilir.