Şalva Papuaşvili - Vətəndaş cəmiyyətinin mövcud "Frankenşteyn" modeli perspektivsizdir, şəffaflıq qanununun yerinə yetirilməsi isə bu problemin həlli üçün yaxşı başlanğıc nöqtəsidir
Vətəndaş cəmiyyətinin mövcud “Frankenşteyn” modeli perspektivsizdir, şəffaflıq qanununun yerinə yetirilməsi isə bu problemin həlli üçün yaxşı başlanğıc nöqtəsidir – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Papuaşvilinin sözlərinə əsasən, ideoloji konformizm və şəffaflığın azlığı totalitar cəmiyyəti əsl demokratik cəmiyyətdən fərqləndirir.
“Ötən həftə gürcü “vətəndaş cəmiyyəti”, yəni xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları öz üzv təşkilatları olan “Utanc”ı qorxutdular və sıxışdırdılar. Bu təşkilat bunadək şəffaflıq qanununa uyğun olaraq maliyyələşməni açıqlamağa hazır olduğunu bəyan etdi, lakin genişmiqyaslı qorxutma kampaniyası nəticəsində geri çəkildi, qərarını dəyişdi və təşkilatın direktorunu da işdən atdı. Bu, həqiqətən utancverici epizod xaricdən maliyyələşən QHT-lərdə hökmranlıq edən qapalı düşüncəni, bir xəttliliyi və nifrəti açıq şəkildə bizə göstərir. Gəlin, birbaşa deyək: amerikalı və avropalı donorlar süni vətəndaş cəmiyyəti yaratmaqla Gürcüstanda indiyə qədər qeyd-şərtsiz dövlətə hücum edən, indi də öz sıralarında kanibalizmə baş vuran “Frankenşteyn” canavarı yaratdılar. Bu, dövlət institutlarından fərqli olaraq xalq qarşısında hesabatlı olmayan süni vətəndaş cəmiyyətinin yaradılmasının nəzərə alınmayan nəticəsidir. Qeyri hökumət təşkilatlarının əksəriyyəti Qərbin maliyyəsindən asılıdır və sıravi vətəndaşlarla və ya yerli donorlarla əlaqə saxlamağa və əhalinin ehtiyaclarını əks etdirən layihələr həyata keçirməyə heç də əhəmiyyət vermir. Qərb qablaşdırması altında belə bir məxluqun bolşevik davranışının əlamətlərini göstərməsi heç də təəccüblü deyil. Demokratiya plüralist və rəngarəng cəmiyyətdə inkişaf edir. İdeoloji konformizm və şəffaflığın azlığı totalitar cəmiyyəti əsl demokratik cəmiyyətdən fərqləndirir. Təəssüflər olsun ki, gizli xaricdən maliyyələşmə, müəyyən edilmiş dar inanclar və qorxutma və zorakılığa meyl etməklə gürcü “vətəndaş cəmiyyəti” ikincidən daha çox birinciyə bənzəyir. Xaricdən maliyyələşdirilən qeyri-hökumət təşkilatları özlərinə qapanmağı və homojen, məhdud və qəzəbli cəmiyyət yaratmağı seçdilər. Bu, nə plüralizmi, nə də demokratiyanı təşviq edir. Qorxutma, virtual zorakılıq, ideyalara senzura, reallığa məhəl qoymama, insanların ehtiyaclarını inkar etmək onların xarakterik davranışına çevrilib. Vandalizm bu davranışın xüsusilə ironik hissəsidir. Vandalizmin Avropa norma və dəyərlərinə sığmadığını bir yana qoyaq. Əsl ironiya odur ki, məsələn, keçən həftə parlament binasının üzərində boya ilə yazı yazılması kimi bu vandalizmə şərait yaradan maliyyə vəsaiti, Gürcüstana “demokratiya yardımı” hesab olunur. Bu, əvvəllər polislərə “Molotov kokteyli” atılmasını təşviq edən və romantikləşdirən “Utanc”ın fəaliyyətində yalnız bir epizod idi. Xatırladaq ki, bu cür vandalizmin nəticələri Gürcüstan büdcəsi tərəfindən qarşılanmalıdır. Yeri gəlmişkən, yaxşı olardı ki, donorlar öz qrant ərizələrində “demokratiya yardımı”nın Tbilisi küçələrində buraxdığı xaosu düzəltmək üçün ayrıca qrafa ayırsınlar” – Papuaşvili yazır.
Parlament sədrinin bəyanatına əsasən, vandalizmlə demokratiyanın qarışmasından daha zərərli olan digər ironik aspekt donorların öz yaratdıqlarına valeh olması, QHT-lərin hərəkət və fikirlərini tənqidsiz qəbul etməsidir.
“Süni “vətəndaş cəmiyyəti”nin insanların maraqlarını və cəmiyyətin ehtiyaclarını əks etdirməməsi donorların diqqətindən kənarda qalır. Təəssüf ki, donorların özləri maliyyələşən təşkilatların girovuna çevrilib. QHT-lər maliyyəçiləri manipulyasiya etmək üçün (onların öz sevimli terminindən istifadə edərsəm) klan yaratdılar. Gözlənti ilə reallıq, niyət və nəticələr, prinsiplər və manipulyasiya arasındakı boşluq xaricdən maliyyələşən QHT-ləri radikalizmə sürükləyib, bununla bizim zəif müxalifət partiyalarına çox bənzəyirlər. Donorlar öz məsuliyyət paylarını öz üzərinə götürməlidirlər. Vətəndaş cəmiyyətinin maliyyələşdirilməsi və hesabatlılıq ətrafında vəziyyətə yenidən baxmağın vaxtıdır. Şəffaflıq və dialoq bu düyünün kilidini açmaq üçün çox vacib olacaq. Dırnaqarası vətəndaş cəmiyyətini tənqidsiz qəbul etmək səhv idi. Şəffaflıq, plüralizm və rəqabətin demokratik prinsipləri nəsə bir məna kəsb edirsə, o zaman onlar digər ictimai oyunçulara və dövlət institutlarına şamil edildiyi kimi qeyri-hökumət təşkilatlarına da şamil edilməlidir. Vətəndaş cəmiyyətinin mövcud “Frankenşteyn” modeli perspektivsizdir, şəffaflıq qanununun yerinə yetirilməsi isə bu problemin həlli üçün yaxşı başlanğıc nöqtəsidir” – Papuaşvili yazır.