Şalva Papuaşvili – Brüsselin ölkələr arasında hüquqi ayrı-seçkilik salmaq ideyası, Avropa İttifaqını “birinci dərəcəli” və “ikinci dərəcəli” millətlər birliyinə çevirir
Avropa İttifaqı hər zaman qaydalara əsaslanan layihə idi, bu isə o deməkdir ki, bütün üzvlər bu qaydalar qarşısında bərabərdir. Brüsselin ölkələr arasında hüquqi ayrı-seçkilik salmaq ideyası, Avropa İttifaqının bu fundamental prinsipini kökündən dəyişir və onu bərabərhüquqlu millətlər birliyindən “birinci dərəcəli” və “ikinci dərəcəli” millətlər birliyinə çevirir – bu haqda parlamentin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Onun sözlərinə əsasən, Avropa İttifaqının “Müxtəliflikdə birlik” ifadəsini praktikada getdikcə daha çox “Baş xətdən kənara çıxma” şüarı əvəz edir, bu isə o deməkdir ki, kluba yalnız sənin səsin dekorativ funksiya yerinə yetirəndə qəbul olunacaqsan.
“Dünən genişlənmə məsələləri üzrə Avropa Komissarı Marta Kos qeyd etdi ki, Avropa İttifaqında birliyin gələcək üzvlərinin hazırkı üzvlərlə eyni səs hüququna sahib olmamasını nəzərdə tutan ideya müzakirə olunur.
Eyni zamanda, bu həm də o deməkdir ki, üzvlük mərhələsinə keçdikdən sonra Gürcüstanın, eləcə də digər yeni üzv dövlətlərin Avropa İttifaqının digər üzvləri ilə oxşar öhdəlikləri olacaq, lakin hüquqi baxımdan onlarla bərabər sayılmayacaqlar. Praktikada bu, Avropa İttifaqının Gürcüstanın milli maraqları üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə qərarları Gürcüstanın iştirakı olmadan qəbul edə biləcəyi mənasına gəlir.
Belə bir məqamda, yəqin ki, çoxlarının yadına Brüsselin tez-tez təkrarladığı “Ukrayna olmadan, Ukrayna barəsində heç bir qərar yoxdur” ifadəsi düşəcək. Avropa İttifaqında müzakirə olunan ideya məhz bu yanaşmanın təkcə Ukraynaya deyil, bütün namizəd ölkələrə münasibətdə ləğv edilməsidir. Ukraynalılar da bunu aydın şəkildə gördülər və ikinci dərəcəli üzvlüyə razı olmayacaqlarını bəyan etdilər.
Bu cür tendensiyalar göstərir ki, Avropa İttifaqının “Müxtəliflikdə birlik” ifadəsini praktikada getdikcə daha çox “Baş xətdən kənara çıxma” şüarı əvəz edir, bu isə o deməkdir ki, kluba yalnız sənin səsin dekorativ funksiya yerinə yetirəndə qəbul olunacaqsan. Doğrudan da, axı belə bir yanaşma qərarların qəbul edilməsini daha da sadələşdirəcək – artıq mürəkkəb müzakirələrə, fərqli mövqelərə və demokratiyanın fərqli fikri nəzərdə tutan o hissəsinə ehtiyac qalmayacaq.
Avropa İttifaqı hər zaman qaydalara əsaslanan layihə idi, bu isə o deməkdir ki, bütün üzvlər bu qaydalar qarşısında bərabərdir. Brüsselin ölkələr arasında hüquqi ayrı-seçkilik salmaq ideyası, Avropa İttifaqının bu fundamental prinsipini kökündən dəyişir və onu bərabərhüquqlu millətlər birliyindən “birinci dərəcəli” və “ikinci dərəcəli” millətlər birliyinə çevirir.
Buna görə də bir şey elə buradaca aydın şəkildə deyilməlidir – bu ideya reallaşacağı təqdirdə, bu Gürcüstanın dörd il əvvəl üzvlüklə bağlı müraciət etdiyi o birlik artıq olmayacaq və bu cür birliyə üzv olmağa can atmaq Gürcüstan Konstitusiyasının 78-ci maddəsində yazılanlarla üst-üstə düşmür.
Gürcüstanın nominal və qeyri-bərabər birliyə üzvlüyə dair 70 illik təcrübəsi artıq var və biz bunu təkrarlamaq niyyətində deyilik. Əgər Avropa İttifaqı üzvü olan postsovet ölkələri bu cür dəyişikliyə yol versələr, belə çıxacaq ki, onların problemi Sovet İttifaqı ilə yox, bu cür birlikdə kimin dominantlıq etməsi ilə bağlı imiş” – Şalva Papuaşvili yazır.
Genişlənmə məsələləri üzrə Avropa Komissarı Marta Kos Lüksemburqda Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə Avropa İttifaqının yeni üzvlərinin veto səlahiyyətlərinin məhdudlaşdırılacağını təsdiqləyib.