Parlamentin sədri Şalva Papuaşvili Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb. Məlumatı Gürcüstan parlamenti yayır.
Parlamentin məlumatına görə, görüşdə Gürcüstan və Ermənistanın hökumətləri, parlamentləri, xalqları arasında əlaqələrin möhkəm olduğu vurğulanıb ki, bu da ötən il münasibətlərin strateji səviyyəyə yüksəlməsində öz əksini tapıb.
“Şalva Papuaşvili yüksək səviyyəli səfərlərin müsbət dinamikasını vurğuladı ki, bu da iki ölkə arasında intensiv münasibətləri təsdiqləyir.
Sədrlər, həmçinin, komitələr və dostluq qrupları arasında fəal və səmərəli parlament əməkdaşlığı diqqət mərkəzində olub.
Görüşdə, həmçinin, regionda davam edən proseslər müzakirə olunub. Ararat Mirzoyan bildirib ki, Ermənistan və Azərbaycan arasında Vaşinqtonda başlanmış sülh sazişinin artıq bir sıra praktiki nəticələri var və sazişin yekun imzalanması ilə bağlı danışıqlar aparılır. Həmçinin, Ermənistan və Türkiyə arasında münasibətlərin müsbət dinamikası vurğulanıb. Görüşdə qeyd olunub ki, Cənubi Qafqaz regionunda gərginlik dövrü başa çatıb və regiona böyük fayda gətirəcək yeni imkanlar erası başlayır.
Görüşdə parlament sədrinin birinci müavini, Ermənistanla dostluq qrupunun sədri Qiorqi Volski, Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze, Ermənistanla dostluq qrupunun üzvləri Samvel Manukyan və Sumbat Kyureğyan da iştirak ediblər”, – məlumatda qeyd edilib.