Salome Zurabişvili NATO-nun baş katibi ilə Gürcüstanın Avro-Atlantik strukturlara inteqrasiyası məsələsini müzakirə edib
Salome Zurabişvili NATO-nun baş katibi ilə Gürcüstanın Avro-Atlantik strukturlara inteqrasiyası məsələsini müzakirə edib

Gürcüstan Prezidenti Salome Zurabişvili NATO-nun baş katibi Yens Stoltenberqi Orbeliani sarayında qəbul edib və Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya prosesi və əldə olunan irəliləyişlərdən danışıb.

Söhbət zamanı Ukraynada davam edən müharibəyə, Rusiyanın təcavüzünə, beynəlxalq tərəfdaşlar və birliyin Ukrayna ilə həmrəyliyinin vacibliyi və zəruriliyinə toxunulub. Həmçinin, Ukraynadakı müharibə və Rusiyanın aqressiv hərəkətləri səbəbindən regionda təhdidlərin artması fonunda tərəflər Qara dənizin təhlükəsizliyinin vacibliyini vurğulayıblar.

NATO-nun baş katibi prezidentlə görüşü zamanı bir daha Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qəti dəstəyini ifadə edib.

Söhbət zamanı Gürcüstanın işğal olunmuş bölgələrində Rusiya Federasiyasının prezident seçkilərinin keçirilməsinə toxunulub, dövlət başçısı bunun Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü kobud şəkildə pozduğunu və beynəlxalq normalara tamamilə zidd olduğunu bildirib.

Prezident diqqəti işğal olunmuş ərazilərdəki vəziyyətə, Bichvinti bağ evlərinə, Oçamçiredəki hərbi-dəniz donanmasına və Suxumi aeroportu məsələsinə yönəldib.