Rustem Umerov - Üçtərəfli görüşün ilk günü məhsuldar keçdi, praktik qərarlara yönəlmişdi, Volodimir Zelenski üçün hesabat hazırlayırıq
Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların ilk günü başa çatdı. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun sözçüsü Diana Davityan məlumat yayır.
Onun sözlərinə görə, danışıqlar fevralın 5-də davam edəcək. Rustem Umerovun özü “Facebook” sosial şəbəkəsində yazır ki, görüş əsaslı və məhsuldar keçdi, konkret addımlara və praktik qərarlara yönəlmişdi.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin bildirdiyinə görə, üçtərəfli görüşdən sonra danışıqlar işçi qrupu formatında davam etdirilib. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti hazırda ölkə prezidenti Volodimir Zelenskiyə təqdim ediləcək hesabat hazırlayır.
“Ukrayna nümayəndə heyətinə mənimlə birlikdə Kirill Budanov, David Araxamia, Sergey Kislitsa, Andrey Qnatov, Vadim Skibitski və Oleksandr Bevz daxil idi. ABŞ tərəfindən məsləhətləşmələrdə Stiv Uitkoff, Cared Kuşner və Coş Qrunbaum, həmçinin Daniel Driskoll və general Aleks Qrinkeviç iştirak edirdi. Rusiya tərəfi yüksək hərbi səviyyədə təmsil olunmuşdu. Görüş əsaslı və məhsuldar oldu, konkret addımlara və praktik qərarlara yönəlmişdi. Biz Prezident Volodimir Zelenski üçün hesabat hazırlayırıq”, – Umerov sosial şəbəkədə yazır.
Məlumat üçün bildirək ki, Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqların birinci mərhələsi 23-24 yanvar tarixlərində Əbu-Dabidə keçirilib.