Rusiyanın hücumu nəticəsində Donetsk vilayətində “Qırmızı Xaç” təşkilatının 3 əməkdaşı həlak olub
Beynəlxalq “Qırmızı Xaç” Komitəsi Donetsk vilayətində Veroliubovki kəndinin bombardman edilməsi nəticəsində təşkilatın 3 əməkdaşının həlak olduğunu və ikisinin yaralandığını təsdiqləyib.
“Qırmızı Xaç”ın veb saytında dərc olunan bəyanatda deyilir ki, zərbə humanitar yardımın paylanılması planlaşdırılan əraziyə endirilib. Təşkilat, hücum zamanı yerli sakinlərin xəsarət almadığını əlavə edir.
“Humanitar yardımın paylandığı yerə mərminin düşməsi təsəvvür olunmazdır” – Beynəlxalq “Qırmızı Xaç” Komitəsinin prezidenti Miriana Spoliariç-Eqer bildirib.
“Qırmızı Xaç” xəbər verir ki, onun əməkdaşları yerli əhaliyə evlərini qızdırmaq üçün odun və kömür paylamağı planlaşdırırlarmış.
“Beynəlxalq “Qırmızı Xaç” Komitəsinin əməkdaşları daim Donetsk bölgəsində olurlar və bizim avtomobillərimiz açıq-aydın “Qırmızı Xaç” emblemi ilə işarələnib” – təşkilat yazır.