Rusiyanın etirazına baxmayaraq, hind şirkəti tərəfindən istehsal olunmuş döyüş sursatı Ukraynaya daxil olur
Hindistanlı istehsalçılar tərəfindən satılmış artilleriya mərmiləri avropalı müştərilər tərəfindən Ukraynaya yönləndirilib. Rusiyanın etirazına baxmayaraq, Hindistan hakimiyyəti sözügedən ticarəti dayandırmaq üçün müdaxilə etməyib.
“Reuters” agentliyi bu haqda hindistanlı və avropalı yüksək rütbəli rəsmilərə, müdafiə sənayesinin nümayəndələri və gömrük məlumatlarına istinadən məlumat yayır. Ukraynaya dəstək üçün döyüş sursatlarının verilməsi bir ildən çoxdur davam edir.
Hindistanli üç yüksək rütbəli rəsmi adının açıqlanmaması şərti ilə “Reuters” agentliyinə bildirib ki, Kreml bu məsələni Hindistan tərəfi qarşısında azı iki dəfə, o cümlədən iyulda Serqey Lavrovun hindistanlı həmkarı ilə görüşü zamanı qaldırıb. Yanvarda Hindistanın Xarici İşlər Nazirliyində Hindistanın Ukraynaya artilleriya mərmiləri göndərmədiyini və satmadığını bəyan etdilər.
“Reuters”in məlumatına əsasən, müharibə başlayandan sonra Kiyev tərəfindən idxal edilmiş silahların ümumi həcmində Hindistan istehsalı olan silahların payı çox azdır və bir faizədək təşkil edir. Hindistan istehsalı olan döyüş sursatlarını Ukraynaya göndərən Avropa ölkələri arasında İtaliya və Çexiya var. Bununla yanaşı, Avropa ölkələrinin bu mərmiləri Kiyevə hədiyyəmi etdiyi, yoxsa satdığı bilinmir.