Rusiyada partlayış nəticəsində Stavropol merinin müavini Zaur Qurtsiyev həlak olub
Rusiyada partlayış nəticəsində Stavropol merinin müavini Zaur Qurtsiyev həlak olub

Rusiyada partlayış nəticəsində Stavropol merinin müavini, Ukraynaya qarşı müharibənin iştirakçısı Zaur Qurtsiyev həlak olub. Bu barədə Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov məlumat yayır.

Qubernatorun məlumatına görə, hazırda istintaq aparılır və Ukraynanın iştirakı ilə terror aktı da daxil olmaqla bütün versiyalar nəzərdən keçirilir.

İstintaq Komitəsinin məlumatına görə, Çexov küçəsindəki yaşayış evlərindən birinin yaxınlığında baş vermiş partlayış nəticəsində merin müavini ilə yanaşı, onun tanışı olan bir kişi də həlak olub.

Qurtsiyev kadr proqramı olan “Qəhrəmanların Zamanı”nın iştirakçısı olub. O, 2024-cü ilin may ayında Ukraynadaki müharibədən qayıdıb və sentyabrda Stavropol merinin müavini təyin edilib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Mariupolun ələ keçirilməsi əməliyyatının hava hissəsinə Qurtsiyev rəhbərlik edirdi.