Rusiya sanksiyalara qarşı immunitet qazandı və sanksiyalara uyğunlaşıb
Rusiya sanksiyalara qarşı immunitet qazandı və sanksiyalara uyğunlaşıb, – Kremlin sözçüsü Dmitri Peskov Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul etməsinə belə münasibət bildirib.
Kreml nümayəndəsinin sözlərinə görə, Rusiya hakimiyyəti onun nəticələrini minimuma endirmək üçün indi sanksiyalar paketini təhlil edəcək.
“Biz sanksiyalara qarşı müəyyən bir immunitet qazandıq, sanksiyalar şəraitində yaşamağa uyğunlaşdıq”, – Rusiya prezidentinin mətbuat katibi qeyd edib.
Bununla yanaşı, Peskov qeyd edib ki, Rusiya Avropa İttifaqının sanksiyalarını qanunsuz hesab edir.
“Hələlik biz Avropada kifayət qədər ardıcıl anti-Rusiya xətti görürük. Biz dəfələrlə demişik ki, biz bu cür birtərəfli məhdudiyyətləri qanunsuz hesab edirik və onların əleyhinə çıxış edirik”, – Peskov qeyd edib.
Məlumat üçün bildirək ki, Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqləyib. Avropa İttifaqının Ali Nümayəndəsi Kaia Kallasın bildirdiyi kimi, Avropa İttifaqı tərəfindən təsdiqlənmiş 18-ci sanksiyalar paketi indiyə qədər Rusiyaya qarşı qəbul edilmiş ən sərt sanksiyalardan biridir.